19 May 2024, Bazar

Şəhərimizin ən görkəmli, hər gün yüzlərlə insanın axışdığı yerində, böyük, doyumsuz gözəlliyə malik xiyabanın içərisində bir məqbərə ucalır. Böyük bir faciənin qurbanı – Hüseyn Cavidin və bu qurbanın qurbanlarının – Mişkinaz xanımın, Ərtoğrol bəyin uyuduqları məqbərə… Bu bir ailənin məqbərəsinə – Hüseyn Cavid əfəndimizin 100 yaşlı ciyərparası Ərtoğrol Cavidi anmağa gedirəm. Ötən 100 ilin cəmi 24-nü həyatda, qalanını xatirələrdə, həm də gözyaşardan, qəlbsızladan xatirələrdə, bir də yazdığı şeirlərdə, bəstələdiyi musiqilərdə, çəkdiyi rəsmlərdə yaşayan Ərtoğrol bəyi. Xiyaban boyu Hüseyn Cavidin “İblis”inin, “Şeyx Sənan”ının, “Topal Teymur”unun, “Peyğəmbər”inin, “Azər”inin, “Səyavuş”unun Ərtoğrol Cavidin fortepiano üçün sonatinoları, prelüdlər, miniatürlər, pyeslər, ilə qarışıq səsləri çığlayır qulağımda. İnsan və musiqi… Həyatın ən böyük gözəlliklərinin ikisi… Atanın böyük romantizmlə yaratdığı obrazlardan və övladın böyük məharətlə nota köçürdüyü əsərlərdən gələn səslər. Yaxınlaşdıqca sanki bu səslərə məqbərənin qapısından, pəncərəsindən bayıra püskürən payız küləyinin vıyıltısı da qarışır. Bu külək ətrafdakı baharı tar-mar edir, özü ilə gətirdiyi saralmış, soluxmuş xəzəlləri yayır yaşıl otların üzərinə. Bu küləklə mücadilə edirmiş kimi onunla birlikdə çatıram məqbərənin önünə. “Nədir bu payız küləyi?” – deyə düşünərkən onun əsintiləri məni ədəbiyyatımızın görkəmli nümayəndəsi, ömrü boyu həqiqətə, gözəlliyə tapınan, hər qulun cahanda bir pənahı var, hər əhli-halın bir qibləgahı var, hər kəsin bir eşqi, bir Allahı var, mənim tanrım gözəllikdir, sevgidir,-deyən. ədalət carçısı, böyük mütəfəkkir Hüseyn Cavidin faciələrlə ötən ömrünün ürəkağrıdan saysız illərinə, aylarına, günlərinə aparır.

Ardını oxu...

(Polemika)

Biz zamana tabeyik, yoxsa zaman bizə? Bu, xeyli araşdırma və diskussiyaların mövzusu olub, cavabı tapılmayan  sual olaraq qalmaqdadır. Bizim istəyimizmi, ya zamanın diktəsimi, – deyə bilməsək də, kitabxanalara ayaq döyüb sanki bir-birimizlə bəhsə giribmiş kimi buradakı rəflərin kitablarını səhifə-səhifə çevirib, cümlələri sətir-sətir yaddaşımıza köçürdüyümüz uzun zamanlar olub. Kitabla yatıb, kitabla oyandığımız, onların özünəməxsus qoxusunu ciyərlərimizə çəkdiyimiz, təsirləndiyimiz anlarda səhifələrini göz yaşlarımızla islatdığımız, xoşladığımız atalar sözlərini, aforizmləri, deyimləri bəzən yaddaşımıza hopdurduğumuz, bəzənsə  altından xətt çəkib, səhifələrin bir kənarını qatlayıb işarəli qoyduğumuz  zamanlar... Və günlərin bir günü yenilənən zamanla həyatımıza internet daxil olub. Zamanın bu dönəminin üstünlüyü virtual aləmi əhatə etdikcə elektron kitabxananı, kitabı da yaradıb. Bununla  mütaliəsevərlər istədikləri anda həm kitabxanalarda, həm də evlərindəcə arzuladıqları  kitabı oxuya bilmək imkanı əldə ediblər. Bu zaman kəsiklərinin yaratdığı  fərq isə belə bir sual çıxarıb meydana: kağız, yoxsa elektron kitab?    

Hər dövrün öz tələbi

Mövzu ilə bağlı ilk olaraq Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovaya müraciət etdik. Onun fikrincə, hər dövrün öz tələbi var. Elektron kitabxanalar, kitablar da internet əsri adlandırdığımız müasir dövrümüzün tələbidir. Rəhbərlik etdiyi kitabxanadan 27 mindən artıq oxucunun istifadə etdiyini bildirən Tamella xanım onların əksəriyyətinin kitabları həm elektron, həm də ənənəvi şəkildə oxuduqlarını vurğulayır: – Son illər mütaliəyə maraq xeyli artıb. Böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Naxçıvanşünaslıq Mərkəzində, həm də bizim kitabxanada eklektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın özünəməxsus üstünlükləri var. Xüsusilə gənclərin istifadə etdikləri elektron kitab onlara təhsilin müxtəlif pillələrinə, ixtisaslarını artırmaq üçün imtahanlara hazırlaşmalarında, müxtəlif elmi işlərlə bağlı araşdırmalar aparmaqda əvəzsiz köməkçidir.

Ardını oxu...

(Esse)

Bu günü lap çoxdan gözləyirdim. Kiçik çillə çıxıb, Boz ay girəndən, ardınca su, torpaq, yel çərşənbələri bir-birlərini əvəzləyib yerlərini oda verəndən, odun istisi ilə təbiətə bir hərarət hopandan, Novruzu – yeni günü, yeni həyatı qarşılayandan, ilk bahar yaşıl xalısını çəmənlərə, düzlərə sərəndən, yurdumuzda nazlı baharın ahəstə addımlarını, ətirli nəfəsini duyandan bir gün təbiətin bu gözəl çağı ilə üz-üzə dayanıb “söhbətləşmək” istəyirdim. Lakin bir qədər gözləyirdim ki, yaz çiçəkləri açsın, ağaclar yaşıl donunu geyinsin, bahar öz gözəlliyindən ətrafa yetərincə pay versin.

Ardını oxu...

– Ey Şərqin müdrik ağsaqqallarından olan Molla Nəsrəddin! Sən 100 il bundan əvvəl bizi – Azərbaycan xalqını, müsəlman qardaşlarını deyib gəlmişdin. Böyük demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin ideyalarından, xalqını, millətini necə görmək istəyindən, dövrün ən müasir inqilabi məsələlərindən danışmağa, din pərdəsi altında min bir oyundan çıxıb milləti cəhalətə sürükləyən “ruhanilərin” iç üzünü açmağa gəlmişdin. Sən Ana dilimizin qayğıkeşi oldun. Ömrünün sonunadək doğma dil uğrunda mübarizə apardın. Millət sevdasından “Dəli” olub, “bəlkə millətimə bu cür təsir edə bilərəm”, – dedin. Bunun yetərli olmadığını görəndə düşüncələrindəkini “Lağlağı”lıqla anlatmağa çalışdın. “Yox, bundan da fayda olmadı, bunlarla yenə də milləti oyada bilmədim”, – deyə fikirləşərkən “Molla Nəsrəddin” oldun. Vətənini el-el, oba-oba səyahətə çıxıb hər təbəqə ilə öz ”dili” ilə danışmağa başladın, bəlkə oyanalar, bəlkə dəyişələr deyə. Molla Nəsrəddin, ağsaqqal sözü dinlənilən olar deyib səni yuxuya getmiş bir xeyli müsəlmanı oyatmaqda ona kömək etməyə çağırmışdı böyük Cəlil Məmmədquluzadə. Mən də səni deyib gəlmişəm, necə gəldin, səni necə qarşıladılar, necə yola saldılar, bundan söhbət aç, biz də maraqla dinləyək.

Ardını oxu...

Müsahibim qədim diyarımızın dövlətçilik tarixi ilə bağlı sanballı elmi tədqiqatların müəllifi,
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir

– İsmayıl müəllim, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı kitabınızın elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi Naxçıvan elmi mühitində bayram əhval-ruhiyyəsi yaradıb. Kitab həm də muxtariyyətimizin 95 illik yubileyinə dəyərli töhfədir. Bu münasibətlə sizi redaksiyamızın kollektivi adından təbrik edirəm.
– Çox sağ olun. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm ki, kitaba bu qədər yüksək dəyər vermişdir. Bu, ümumilikdə, muxtar respublikada hər bir elm adamına verilən qiymətdir. Qeyd etmək istəyirəm ki, Naxçıvanda elmi mühitin formalaşması Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından sonra canlanmışdır. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyev belə bir bölmənin yaradılmasına böyük siyasi uzaqgörənliklə yanaşaraq Sərəncam vermişdi. Ulu öndərimiz AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr edilmiş müşavirədəki nitqində Naxçıvan tarixinin zəif öyrənilməsi məsələsindən bəhs edərkən demişdir ki, Naxçıvanın qədim və zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycan tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvan tarixi haqqında, Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür. Göründüyü kimi, ulu öndər Naxçıvan tarixi ilə bağlı bölmə qarşısında çox ciddi vəzifə qoymuşdu. Fəaliyyətimiz dövründə bu vəzifəni yerinə yetirməyə çalışmış, Naxçıvan tarixi ilə bağlı ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar, elmi məqalələr yazılmış, elmi konfranslar keçirilmişdir. Ən ciddi fundamental əsər çoxcildli Naxçıvan tarixidir. Mükafata layiq görülmüş kitab Naxçıvanın Azərbaycan dövlətçilik tarixində tutduğu yer və oynadığı rolla bağlıdır.

Ardını oxu...

(məzarüstü monoloq)

Salamlar olsun müqəddəs ruhuna, Fəzlullah Nəimi! İzn ver sənə  canından artıq sevdiyin, mənəvi atası olduğun Nəsiminin dili ilə, əfəndi, – deyə xitab edim. Nəimi əfəndi, buraya – Xanəgaha sənə Nəsimidən danışmağa gəlmişəm. 650 yaşlı övladın – Azərbaycan şeirinin möcüzəsi sayılan  filosof­-şair İmadəddin Nəsimidən. Səndən sonra olanlardan, davamçının, şagirdinin başına gələnlərdən, gətirilənlərdən danışmağa gəlmişəm. Düşündüm ki, şairin 650 illik yubileyi şərəfinə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması, 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident cənab İlham Əliyevin sərəncamları bütün azərbaycanlıları sevindirdiyi kimi, sənin də ruhunu şad edər. Buna görə sənə şairin bu növrağından, bir də ötənlərdən  danışmağa gəldim. Əliboş da gəlməmişəm. Budur, bəlkə də, heç görməmisən, əlimdə İmadəddin Nəsiminin seçilmiş əsərləri var. Amma bunlar onun külliyyatının bir qismidir, əlimizdə qalanlarıdır, itənlər-batanlar da var, oğurlanıb mənimsənilənlər də var.

İzn ver səni bütün qəlbi ilə sevən Nəsiminin sənə yazdığı, bəlkə də, indiyədək heç eşitmədiyin “Əfəndi” qəzəlini oxuyum, qəbrinə su çilənsin, ənbər səpilsin:

Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda ­həyatım,
Hər dəm damarımda yеriyən qanım əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi-хuramanım əfəndi.
Gülnarımü narım, çiçəyim, mеyvəli bağım,
Laləm, səmənim, sünbülü rеyhanım əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mədəni-yaquti-rəvanım,
Qiymətli olan ləli-bədəхşanım əfəndi.
Еşqində Nəsimi çü qılır canını qurban,
Qurbanına qurban olayım, canım əfəndi.

Nəimi əfəndi, sən çox xoşbəxt bir insanmışsan. Demək ki, yaratdığın təriqətə – Hürufiliyə Yaradanın böyük qiymət veribmiş ki, sənin son mənzilinin Naxçıvan olacağını alnına yazıb. Naxçıvan sənin bəraətindir. Naxçıvan – bu İslam mədəniyyətinin beşiyi səni kafir yox, Allahını tanıyan, öz təriqətinlə elə “Qurani-Kərim”i izhar edən şəxsiyyət kimi qəbul edib, ağuşunda uyudub. Qəbrini əsrlərlə qoruyub saxlayıb. Budur, üstündə abidə ucaltmaqla bütün dünyaya Nəimi həqiqətlərini bəyan edib.

Ardını oxu...

Doğma Naxçıvanımızın muxtariyyətindən söhbət açılanda möhtəşəm tariximizin səhifələri vərəqlənir, naxçıvanlıların bu səhifələrin hər birinə həkk etdikləri misilsiz torpaq sevgisi, yurda sahiblik hissi adamda qürur hissi yaradır. Bu səhifələrdə ötən əsrin əvvəllərində Azərbaycanda, eləcə də diyarımızda yaranan gərgin vəziyyət, tarixin bütün dönəmlərində olduğu kimi yenə də erməni daşnaklarının min bir hiyləsinə qarşı mübarizələr aparıb Naxçıvanı qoruyub saxlamaq kimi əzmkarlıq salnamələşib.

Bu səhifələrdə 1918-ci ilin noyabrında yaradılan paytaxtı Naxçıvan olan Araz-Türk Respublikası yer alır. Tarixçilərimizin qeyd etdiyi kimi, ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyon nəfərdən artıq Araz-Türk Respublikası. Bu səhifələrdə 70 illik imperiyanın ilk addımı olaraq yenicə əsarətləri altına saldıqları ölkələrdən biri kimi Azərbaycandan Zəngəzuru qoparıb ermənilərə vermələri, bununla da Naxçıvanı mənsub olduğu vətəndən ayırmaları, diyarımız üçün muxtariyyətdən başqa yol qoymamaları yer alır. Nəhayət, 1918-1924-cü illər arasında cərəyan edən siyasi hadisələr, Gümrü, Moskva, Qars müqavilələri, referendumlar 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Naxçıvan MSSR-in yaradılması haqqında qərar verməsi ilə nəticələndi. Elə muxtariyyət tariximizin ən şanlı səhifəsini də mənfur düşmənin Naxçıvanı Azərbaycandan qopara bilməməsi təşkil edir. Məhz buna görə deyirik ki, muxtariyyətimiz bizim qürurumuzdur. Çünki naxçıvanlılar Naxçıvanı hər zaman göz bəbəyi, bir ata-ananın övladını qoruması tək qorumuşlar.

Ardını oxu...

Yazının sərlövhəsini əbəs yerə belə seçməmişəm. Bu yaxınlarda Bəhruz Kəngərli Muzeyində olarkən rəssamın əsərləri qarşısında heyranlıqdan gəldiyim qənaət belə oldu: Yaş 30, baxış 60. Bəli, cəmi 30 il bu gəlimli-gedimli, bir ucu ölümlü dünyanın qonağı olan, ömür pəncərəsindən həyatı, sadəcə, bir qərinədən də az seyr edən rəssamın zamana baxışının, dünyagörüşünün yaşı 60, hələ, bəlkə də, bundan çox olub. Sözsüz ki, Bəhruz bəy Kəngərlinin əsərlərinə tamaşa edən hər bir kəsdə heyranlıq hissi yaranmamış olmaz. Hələ üstəlik onun 30 səhifəlik ömür kitabını vərəqləyib, bu üç onilliyin birini onun uşaqlığına çıxanda, yerdə qalan illərdə bu qədər, həm də bir-birindən gözəl, qeyri-adi əsərlərin yaranmasını  zamanın ömrə, yoxsa ömrün zamana sığdırması qarşısında heyrət etməyə bilmirsən. Düşünürsən ki, bu, yalnız Yaradanın yaratdığına verdiyi nadir istedad ola bilər.    

Nədənsə, rəssam deyəndə adamın gözləri önündə yaşlı, saçları ağarmış, üzü yaşanan illərin hər birindən bir cizgi almış insan canlanır. Lakin Bəhruz bəy rəssamlığa yeniliklər gətirdiyi kimi, özü də bir çox rəssamlardan fərqli ömür sürdü. Bir əsrdən artıqdır ki, o, qəlblərdə öz gənc portreti ilə yaşayır. İndiyədək çox rəssamların əsərlərinə baxıb, onların yaradıcılığı ilə tanış olub, fəaliyyəti haqqında oxumuşuq. Yaradıcılığa, adətən, kiçikhəcmli əsərlərlə başlayan, gənclikdə daha asan mövzulara toxunub, daha sonralar, yəni püxtələşdikcə fırçasını abidələr, tarixi məkanlar, portretlər yaratmaqda sınayan rəssamları tanımışıq. Lakin Bəhruz bəy yaradıcılığa elə böyük əsərlərlə başlayıb. Onun “Möminə xatın türbəsi”, “İmamzadə”si, “Şəhər məscidi”, “Əshabi-Kəhf”i, “Nuhun qəbri”, həqiqətən də, öz dövrünün gəncliyində fərqli bir gənc olduğundan söhbət açır. Bu rəsmlərdəki çalarlar, rəng keçidləri heç də hər gəncin duyub, düşündükləri ola bilməz. Sözsüz ki, rəssamın abidələrlə zəngin şəhərin – Naxçıvanın sakini olması da onun yaradıcılığını başqalarından fərqləndirib, əlinə fırça alandan ətrafında gördüklərini rəsmlərə köçürməsinə səbəb olub. Elə illərdir ki, diyarımızda tarixi abidələrin bərpasında orijinal görüntü olaraq Bəhruz bəyin əsərlərinə istinad olunur.

Ardını oxu...

Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz. Bəli, getmişdim, ancaq cismən deyil, xəyalən… Şəhərimizdəki Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam İbrahim Səfiyevin ecazkar, möcüzəvi əsərləri, hər birində səsli-küylü, axarlı-baxarlı İstanbulun bir görüntüsü sükuta dalan bu tablolardakı rəng zənginliyinin çalarların saysız incə keçidləri ilə yaratdığı harmoniyanın sehri məni İstanbula aparmışdı. Ruhuma hakim kəsilən bu rəngli, həm də mənalı dünya bir anlıq “Anadolu sahillərinə baxış”la, “Dənizə doğru” nəzərlə məni dənizlərə qərq etdi. İstanbulun bir-birinə bənzəyən küçələrindən birində – “Qədim küçə”də dəqiqələrlə gəzişdim, nabələdliyimdən yolu itirdim, buradan çıxa bilmədim. “Qalata qülləsi” ilə qarşılaşdım. Bu qədim türk memarlıq abidəsinin divarları arasından gələn tarixin səsi məni başqa səmtə – “Sultan Ahmed”ə yönləndirdi. Tarixin keşməkeşlərinə düşdüm. Bu sehrli aləmdən təzəcə ayrılıb, İstanbulun “Saraylar tərəfindən görünüş”ünü seyr edə-edə yenə saysız-hesabsız evlərin əhatəsində çarəsiz qaldım, geriyə yol tapa bilmədim. “Axşama doğru” sanki üzümə bir sillə çırpdı, artıq saatlardır buradasan, axşamdır, – “dedi”. Ayıltdı bu sillə məni, lakin gedə bilmədim, çünki insan zəkasının, təxəyyülünün, istedadının sehrinə düşmüşdüm.

Ardını oxu...

Naxçıvanın sərt iqlim şəraiti ilə əlaqədar deyərlər ki, burada soyuqlar noyabrda başlar, martda bitər. Buna görə də naxçıvanlılar bu soyuqlu-sazaqlı altı aya, qarşıdan gələn qışın qarlı-boranlı günlərinə  qara yaz açılan vaxtdan düz qar yerə düşənədək  hazırlıq görərlər. Zirzəmilər, əl damları dağlarımızın-düzlərimizin, həyət-bacalarımızın çeşid-çeşid məhsulları ilə doldurular  ki, qışda  ruzi bol olsun, el arasında deyildiyi kimi, əlini nəyə atsan, boşa çıxmasın.

Martda göy gurlayıb çölün per-pencərini yeməyə halallıq verəndən camaat başlayar həm istifadə etməyə, həm də qışa tədarükə. Şıppır, ələyəz, əvəlik hörülüb qurudular, hər biri bir dərdin dərmanı olan həmərsindən tutmuş zirincə, yemişanadək, dağ nanəsindən tutmuş yarpıza, kəklikotuna, çobanyastığınadək qurudulub ayrı-ayrı yığılar. Çaşır, sobu, bolu, baldırğanın turşusu tutular, turş, şirin alça, ərik qurudular, alma-heyva dərilib xüsusi anbarlara yığılar, armud, üzüm zirzəmilərin bu başından o başına çəkilən ipdən asılar, cəviz, badam, fındıq çırpılar, kisələrə doldurulub üst-üstə toplanar. Həm həyətlərin, həm də çölün-düzün bütün nemətlərinin mürəbbəsi, kompotu hazırlanar. Həftəbecər qoyular, bircə həftəyə süfrəyə gətirildimi, ardınca taxta çəlləklərdə qış turşusu tutular. Bundan sonra əriştə kəsilər, sərilər, qurudular, qovurulub, götürülər. Buğda yuyulub, kirkirədə çəkilib yarmaya çevrilər və parça torbalarda qış ruziləri yığılan yerə qoyular. Bu işlər noyabrın axırlarınadək – çox soyuq düşməmiş yekunlaşdırılar. Bundan sonra qadınlarımızın qalar bir, həm də ən böyük, çətin işi – qovurma qovurmaq.

Ardını oxu...

Bu, cansız bir tablo deyil, evlərimizin divarından da asılmayıb. Onunla hər gün yüzlərlə insanın keçdiyi şəhərimizin küçə, meydanlarında, park və xiyabanlarında qarşılaşırıq. Bu tablonun “müəllifi” yayın geri çəkilib, yerini öz “əlləri” ilə təhvil verdiyi payızdır. Budur, ağacların ağ saçlara dən düşmüş kimi yaşıldan sarıya çönən yarpaqları hələ də özünü payızın solğun günəşinə təslim etməyib yaşıllığını saxlayan otların üstündə qəribə bir harmoniya yaradıb. Bir azdan xəfif bir külək əsir – payız küləyi. Xəzəl ömrü yaşayan yarparların havada bir rəqsinə bax? Bu külək payızın hələ tam hakim kəsilmədiyi ağaclardan yalnız özünə məxsus olan sarı yarpaqları qoparıb alır qarşısına.
Küçələrdə, səkilərdə bir-biri ilə sanki “qovala-qaç” oynayır yarpaqlar, biri qaçır, o birilər düşür onun ardınca. Nəhayət, toplaşırlar özlərinə sığınacaq sandıqları bir divarın dibinə, bir ağacın altına. Bu dəfə artıq külək yarpaqları yerindən qopara bilmir, lakin onun təsirindən adamın qulağında bir-birinə toxunan xəzəllərin “xışıltı” adlı nəğməsi səslənir. Gözlərin önündə, həqiqətən də, baxmaqla doyulmayan bir tablo var – payız tablosu. Səhərdən bəri şəhərimizdəki Böyük bağda qarşısında dayandığım bu canlı tablonu bir qədər də seyr etmək üçün skamyalardan birində əyləşirəm.

Ardını oxu...

Ömrünün çoxunu  qədim diyarımızın tarix-memarlıq abidələrnin bərpasına həsr edən  Prezident təqaüdçüsü Arıf Əzizov onları  bu cür dəyərləndirir

Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən, ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuş, əsası bir yaşayış məskəni kimi 8000 il əvvəl qoyulmuş və  5000 il bundan əvvəl şəhər kimi formalaşmağa başlamış Naxçıvan  tarixi-mədəniyyət abidələri ilə zəngin bir diyardır. Tarixçi alimlərimiz deyirlər ki,  əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş yaddaşıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncam tariximizin daş yaddaşına verilən böyük dəyər olmaqla yanaşı, həm də abidələrimizin bərpasına, onların həyata yenidən vəsiqə almalarına səbəb olub.

Bu yaxınlarda ömrünün 50 ildən artıq dövrünü muxtar respublikamızda tikinti sahəsində çalışan, ötən  illər ərzində tarixi-memarlıq abidələrimizin bərpasına rəhbərlik edən Arif Əzizova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 12 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi  təqaüdünün verilməsi  naxçıvanlılar tərəfindən  mədəni irsimizin yaşadılmasında əməyi olan insanlara verilən yüksək qiymət kimi dəyərləndirildi. Bu münasibətlə Arif müəllimlə görüşüb söhbətləşdik.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR