06 May 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarının ziyarət edilməsindən sonra başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının, həmçinin akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ən parlaq və tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, bütövlükdə parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşamış, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəlmiş akademik Zərifə Əliyevanın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir. Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır.
Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir.
Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Zərifə xanım görkəmli ctimai xadim kim keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Vurğulanıb ki, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və ölkəmizi yeni inkişaf mərhələsinə çıxaran, beynəlxalq aləmdə onun nüfuzunu daha da artıran, ən əsası uzun illər işğal altında olan torpaqlarımızı azad edərək adını şanlı hərb tariximizə qızıl hərflərlə yazan böyük Sərkərdəmiz, Prezident İlham Əliyevin anası olmaq kimi böyük xoşbəxtlik məhz Zərifə xanıma nəsib olmuşdur. Bildirilib ki, doğma vətənimiz Azərbaycanda və onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Onun xatirəsinə ucaldılan abidələr görkəmli alimə, əziz, mehriban anaya və əsl insana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaqdır.Tədbir digər çıxışlarla davam edib.

AZƏRTAC

*  *  *

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir. Vurğulanıb ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır, bu səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, görkəmli akademikin adını daşıyan “Naxçıvan Şəhər Poliklinikası” publik hüquqi şəxsin baş həkimi Səadət Əlizadə, baş həkimin müavini Tamella Bayramova məruzələri dinlənilib.
Tədbirdə görkəmli akademikin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, Xanım Qızlar Liseyinin şagirdləri tərəfindən şeirlər bədii qiraət olunub.

*  *  *

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının qadın fəalları akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünü qeyd ediblər. Bu münasibətlə Naxçıvan Qızlar Liseyində keçirilən tədbiri giriş sözü ilə açan liseyin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva “Akademik Zərifə xanım Əliyevanın həyat yolu” mövzusunda çıxış edib. Bildirib ki, Zərifə xanım Əliyeva həm məşhur həkim və alim, həm ictimai xadim, həm də əsl Azərbaycan qadını kimi zəngin həyat yolu keçib. Zərifə xanım alim və həkim kimi özünün bütün mənalı həyatını doğma xalqının sağlamlığı və milli oftalmologiya elminin inkişafı uğrunda mübarizəyə həsr edib. Həkim etikası və tibbi deontologiyaya da öz elmi tədqiqatlarında geniş yer ayıran Zərifə xanımın rəhbərliyi altında çoxlu gənc alimlər və həkim-oftalmoloqlar yetişib.
Sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Müalicə işi” ixtisası üzrə V kurs tələbəsi Nuray Quliyeva “Azərbaycan oftalmologiya elmində Zərifə Əliyeva məktəbi”, Heydər Əliyev adına tam orta məktəbin müəllimi, ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva“İdeal Azərbaycan qadını obrazı – Zərifə xanım Əliyeva” mövzularında çıxış ediblər. Çıxışlarda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın gərgin elmi və ictimai fəaliyyəti ilə yanaşı, heyrətamiz şəkildə mehriban ana, vəfalı ömür-gün yoldaşı, sadə insan, fədakar və nümunəvi bir qadın obrazı yaratdığı qeyd edilib.
Tədbirin sonunda Naxçıvan Qızlar Liseyinin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlərsəsləndiriblər.

*  *  *

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbirdə əvvəlcə görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyulub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanışlıq olub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Bildirib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmiş, bundan sonra da təsir göstərəcəkdir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb.
Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbin direktoru Ehtimad Məmmədov tədbirdə çıxış ediblər, məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirləri bədii qiraət ediblər, akademikin həyat və fəaliyyəti ilə bağlı filmə baxıblar.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR