06 May 2024, Bazar ertəsi

Şagird dəftər istəyir

Bir aydan artıqdır ki, ümumtəhsil məktəblərində dərslər başlayıb. Bəzi dərsliklərin çatışmasına baxmayaraq, uşaqlar bir-birinə kömək edir, necə deyərlər, yoldaşı darda qoymurlar. Amma bəzən kiçik saydığımız hər hansı bir problem kiminsə narazılığına, narahatlığına səbəb olur. Həmin problem vaxtilə dərs ləvazimatları içərisində ən ucuz satılan dəftərdir. İndi bu 12 vərəqli dəftər qiymət sarıdan çox ləvazimatları arxada qoyub. Hazırda xırda alverçilərin əlində olan ən keyfiyyətsiz dəftəri 300-350 manata almaq olur. İnsafsız alverçilər ehtiyacın daha çox olduğunu gördükcə qiymətləri günü-gündən qaldırırlar. Gəlin bir az fikirləşək. Belə bir şəraitdə məktəbə 3-4 uşaq yollayan və az məvaciblə birtəhər dolanan valideyn nə etməlidir? Axı dəftər kitab deyil ki, ildə bir dəfə alasan. Hər bir məktəbli ayda heç olmasa 4-5 dəftər işlədir. Bu da indiki bazar qiyməti ilə 1500-1600 manat edir.
Düzdür, hamımız başa düşürük ki, ümumi vəziyyət çətindir, hər şey bahadır. Amma üstü rəngli dəftərlərə həsrətlə baxan uşaqları görəndə adamın ürəyi ağrıyır. Axı uşaq oxumaq, yazmaq istəyir. Olmazmı ki, dəftər satışı hər bir məktəbdə şagirdlərin sayına görə təşkil edilsin? Bizə belə gəlir ki, bu məsələ kiçik də olsa, vacib məsələlərdən biridir. Axı şagirdi dəftərsiz təsəvvür etmək olmaz.

“Şərq qapısı” qəzeti
8 oktyabr 1994-cü il

Xoşbəxtdir Naxçıvanın bugünkü məktəblisi… 


27 il əvvəl dərc olunan “Şagird dəftər istəyir” adlı çox kiçik olan məqalədə yazılan hər bir söz, cümlə Naxçıvandakı təhsilin ozamankı vəziyyətini açıq-aydın göstərir. Naxçıvan məktəblisinin 12 vərəqli dəftərə həsrət qaldığını indiki məktəblilərə desək, bəlkə də, inanmazlar. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyəti haqqındakı arxiv materiallarına nəzər yetirmək kifayətdir ki, o zaman məktəblərin, idman müəssisələrinin yararsız halda olduğunu, şagirdlərin dərsliklərinin çatışmamasını görək. Ən ağır vəziyyətlərdən biri isə gənclərin pis vərdişlərə yiyələnməsi, onlar tərəfindən cinayət hadisələrinin törədilməsi və başqa bu cür hallar gələcəyimizin böyük təhlükədə olduğunu göstərirdi. Elə olurdu ki, uşaqlar günlərlə məktəbə getmirdilər. Naxçıvan təhsilinin dünəni ilə bu gününün müqayisəsi, təhlili, təbii ki, bir məqaləyə sığmaz.

1996-cı ildən “Təhsildə geriləməyə qətiyyən yol vermək olmaz” prinsipi əsas götürülərək muxtar respublikanın bütün yaşayış məntəqələrində məktəblərin, idman müəssisələrinin tikilməyə başlanılması ilə Naxçıvanda bu sahələrin inkişafının əsası qoyuldu. Statistikaya nəzər yetirək: Son 20 ildə 150-dən çox məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayonunun Çərçiboğan, Dərvişlər, Babək rayonunun Sirab, Araz, Ordubad rayonunun Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Bütün bunlar muxtar respublika idarəçiliyində gənclərin təhsilinə nə qədər önəm verildiyinin göstəricisidir və həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışlarında vurğuladığı bir məqam var: “Bizim bugünkü qurub-yaratmaq işimizin önündə məktəb tikintisi durur. Ola bilər ki, muxtar respublikanın hansısa bir tikinti sahəsində geriləməmiz var. Lakin məktəb tikintisi sahəsində heç bir geriləməyə yol vermək olmaz. Bu gün belə məktəblərdə təhsil alan gənclər Azərbaycanın gələcəyinin təminatçısıdırlar”. Bəli, Naxçıvanda gəncliyə Azərbaycanın təminatçısı kimi yanaşılır və bu sahədə mühüm tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı kimi aprelin 9-da müasir şərait yaradılmış 612 şagird yerlik Ordubad şəhər 1 nömrəli tam orta məktəb binası istifadəyə verildi. Bu, bütün Ordubad ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. Məktəbin məzunlarının sevincini sosial şəbəkələrdən də izlədik. Onlardan birinin fikirlərini oxucularla paylaşmaq istəyirəm. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova: – Gündən-günə gözəlləşən Ordubadımla fəxr edirəm. Qədim abidələrlə zəngin Ordubadda tarixi abidələrin bərpası, yeni yolların salınması, inzibati binaların, xəstəxanaların, məktəblərin tikilməsi adamın ürəyini dağa döndərir. Ordubada hər getdiyimdə orada olan yeniliklər məni heyran edir. Bu yaxınlarda mənim doğma məktəbim – Ordubad şəhər 1 nömrəli tam orta məktəb binası yenidən qurularaq istifadəyə verildi. Bu xəbər məni çox sevindirdi. Məktəbin yanından keçərkən həmişə onun yenidən bərpa ediləcəyini ümid edirdim. Ümidlərim puç olmadı. Ali Məclis Sədrinin göstərişi sayəsində bizim köhnə məktəbimiz yeni, müasirtipli, bütün tələblərə cavab verən 612 şagird yerlik məktəblə əvəz edildi. Məktəb uşaqların təlim və tərbiyəsində, elmlərin sirlərinə yiyələnmələrində böyük rol oynayır. Mən məktəbimizin açılışını eşidəndə sevincimin həddi-hüdudu olmadı. Dərhal Ordubada, qardaşımgilə zəng vurdum. Onun iki oğlu həmin məktəbdə oxuyur. Uşaqlar elə sevinirdilər ki... Qardaşımın balaca oğlu dedi ki, bibi, mən dərslərimi daha yaxşı oxuyacağam ki, instituta qəbul olum və gəlib öz məktəbimizdə müəllim işləyim. Uşaqlar məktəbdə olan yenilikləri mənə sevinclə danışdılar. Bildirdilər ki, sanki nağıllar aləminə düşmüşük, gördüklərimizə inana bilmirik. Onları daha çox cəlb edən məktəbin sinif otaqları, idman, kompüter zalları, kimya, biologiya, fizika laboratoriyaları və kitabxanası olmuşdur. Mən də onlara məsləhət verərək dedim ki, məktəbdə oxuyarkən bizim üçün belə gözəl şərait yox idi. İndi siz bunların qədrini bilin, qoruyun ki, sizdən sonra gələn uşaqlar da təmiz, səliqəli sinif otaqlarında dərs keçə bilsinlər.

Belə fikirlər yüzlərlədir və pandemiyanın olduğu bir dövrdə fasiləsiz təhsilin təmin olunması və üstəgəl də elə bir dövrdə təhsil sahəsində quruculuq işlərinin davam etdirilməsi muxtar respublika sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Ordubadda təhsil sahəsində baş verən bu yenilik haqqında bəhs edərkən yenidən dünənə qayıtmaq istəyirəm. Yaxın keçmiş... Keçən əsrin 90-cı illərinin əvvəllərində bu bölgədə təhsildəki acınacaqlı vəziyyət haqlı olaraq rayon sakinlərinin etirazına səbəb olurdu. Nüsnüs, Əylis, Sabirkənd, Dəstə və başqa kəndlərdə narazılıq artırdı. Ordubadlılar “Şərq qapısı” qəzetinə məktub yazaraq səslərinə səs verilməsini tələb edirdilər. Bəli, o zamanlar təhsilə göstərilən diqqət və qayğıdan danışmaq belə, olmazdı. Məhz ona görə o illərdə “Gələcəyimiz təhlükə altındadır”, “Təhsil qayğı istəyir”, “Ordubadda yeni “kəşf” və başqa yazılar mətbuat səhifələrində yer alırdı. Həmin yazılardan aydın olur ki, o illərdə muxtar respublikanın təhsili hansı vəziyyətdə idi. Həmin illərin məktəblisi adi bir şagird dəftərinə həsrət qalmışdı. Amma bu gün ordubadlı məktəbli XXI əsrin tələblərinə cavab verən müasir məktəb binasında təhsil alır. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə tədrisdə yeni texnologiyalar tətbiq edilib. Hazırda ordubadlı gənclər üçün 400 yerlik futbol stadionu qurulur. Bunlar göstərir ki, muxtar respublikada gənclərin təkcə təhsili yox, idmanla məşğul olması, sağlam böyüməsi istiqamətində də həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Elə aprel ayının əvvəlində istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksi Naxçıvan gəncliyinə böyük töhfələrdən biridir və kompleksin qurulub istifadəyə verilməsi muxtar respublikada yenilikdir. Burada həm yay aylarında çimərlik idman növündən istifadə olunacaq, həm də ilin bütün fəsillərində idmanın müvafiq növləri ilə bağlı məşqlər keçiriləcəkdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, kompleksdəki stadionlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının standartlarına tam cavab verir və beynəlxalq yarışlar üçün uyğundur. Təbii ki, idman təkcə hər hansı bir yarışda uğur qazanmaq deyil, həm də gələcək nəslin sağlamlığının qorunmasıdır. Bundan başqa, idman gəncləri təşəbbüskarlığa, əməksevərliyə, təəssübkeşliyə, səbrə, iradəli olmağa, dözümə öyrədir; insanda yalnız öz gücünə arxalanmaq, komanda yoldaşına yardım göstərmək, nəticə etibarilə, humanist olmaq və Vətəni sevmək kimi vacib keyfiyyətlər formalaşdırır. Uzunoba Təlim-Məşq İdman Kompleksinin açılış mərasimində Ali Məclis Sədrinin dediyi kimi: “Bu gün təhsilin inkişafı gənclərin sağlam böyüməsindən asılıdır. Əgər onlar sağlam həyat tərzi keçirirlərsə, deməli, yaxşı təhsil ala biləcək, ailələri, cəmiyyət və dövlət üçün yararlı vətəndaşa çevriləcəklər”.

İllərdir ki, naxçıvanlılar belə tədbirlərin həyata keçirilməsini günün reallığı kimi qəbul ediblər. Amma nəzərə alsaq ki, bütün dünyada pandemiyanın olduğuna baxmayaraq, Naxçıvanda məktəblər ikinövbəli sistemlə davam edir. Sərt qış, xəstəlik dərsləri pozmur. Çünki əvvəlcədən görülmüş tədbirlər tədris prosesinin normal keçməsinə şərait yaradıb. Üstəgəl də yeni məktəb binaları tikilir, idman müəssisələri qurulur, bu istiqamətdə digər tədbirlər həyata keçirilir. Bu gün bu qədim diyarda elə bir valideyn tapa bilməzsən ki, övladının oxumasında maraqlı olmasın. Çünki artıq o görür ki, övladının yaxşı oxuması üçün geniş imkanlar var. Məhz buna görə Naxçıvan ailəsi, gəncliyi xoşbəxtdir. Bu gün Vətənin qurucusu və qoruyucusu sıralarında naxçıvanlı gənclərin öndə getməsi də təsadüfi deyil.

Sara ƏZİMOVA
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurasının üzvü 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR