19 May 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə əcnəbilərin hüquqi vəziyyətinə dair əcnəbi tələbələrlə növbəti maarifləndirici tədbir keçirilib.

 

Naxçıvan Dövlət Universitetinin prorektoru Xəyal Camalov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov tədbirdə çıxış edərək bildiriblər ki, muxtar respublikamızda tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması, habelə təhlükəsizliyin və ictimai-siyasi sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində reallaşdırılan məqsədyönlü tədbirlər, nəticə etibarilə, əcnəbi tələbələrin muxtar respublikaya olan marağının və burada təhsil almaq niyyətinin daha da artmasına təşviq edir.
Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Kənan Məmmədov əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazənin verilməsi proseduru barədə ətraflı məlumat verib. Vurğulanıb ki, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində innovativ metodların tətbiqi, habelə şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti fəaliyyətini müasir tələblər səviyyəsində quraraq əcnəbilərin hüquqi təminatçısına çevrilib.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla bərabər, həm də ölkədə yaşama hüququna malik olurlar. Eyni zamanda Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur. Dövlət rüsumunun bu cür müəyyənləşdirilməsi ölkəmizdə əcnəbi tələbələrə göstərilən humanist mahiyyətin növbəti ifadəsi və nümunəsidir.
Bildirilib ki, muxtar respublikada icbari tibbi sığorta sisteminin tətbiqini ölkə vətəndaşları ilə yanaşı, əcnəbilərin də rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar.
Sonra xidmətin əməkdaşı Tural Bayramov əcnəbilərin muxtar respublika ərazisində olma və yaşama qaydalarının pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Universitetin Tibb fakültəsinin Əczaçılıq ixtisasının II kurs tələbəsi Roshat Koçkaya muxtar respublikada sənədləşmə prosesi və miqrasiya sahəsində yarana biləcək istənilən çətinlik qarşısında göstərilən köməyə görə əcnəbi tələbələr adından minnətdarlıq edib.
Sonra bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim olunub. Həmçinin tələbələrə xidmət tərəfindən hazırlanan bukletlər də verilib.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə suallar ətraflı cavablandırılıb, xidmət əməkdaşları tərəfindən müvafiq müraciətlər qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət
Miqrasiya Xidmətinin mətbuat xidməti

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR