06 May 2024, Bazar ertəsi

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olmuşlar. Tarixi qədim bir dövrü əhatə edən xalçaçılıq sənəti müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz növlərə ayrılıb. Bu məmulatlardan dəyələrin, çadırların, alaçıqların, habelə evlərin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilib. Nadir sənət nümunələrindən olan xalçaçılıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sənət növünün dünyada bir daha tanıdılması deməkdir.

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan, tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyar Azərbaycan xalqının zəngin tarixini, elmi və mədəni irsini, milli-mənəvi dəyərlərini formalaşdırmışdır. Naxçıvanda keçmişdən bu günə xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən məlum olan toxuculuğun mənşəyini Qobustandan tapılan, Neolit dövrünə aid, bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Naxçıvandakı Kültəpə ərazisindən tapılan Eneolit dövrünə aid gildən düzəldilmiş cəhrələr, sümük tağalaqlar, iylər, gil qabların içərisində tapılmış xalça toxunulan zaman istifadə edilən iplərin boyandığı qırmızı rənglər əsaslı şəkildə ortaya qoyur. Bu ərazidən həm də xalça qalıqları da tapılmış elmi araşdırmalar nəticəsində bəlli olmuşdur ki, bu xalça qalıqları ilk dəfə sadə keçirmə yolu ilə toxunmuş həsir qalıqlarıdır.

Tarixi kifayət qədər qədim olan xalçaçılıq sənətinin ilkin inkişaf mərhələsini keçələr təşkil edir. Ölkəmizin bir çox bölgəsində olduğu kimi, Naxçıvanda da keçəçilik sənəti vaxtilə geniş yayılmışdır. Burada keçələr özünəməxsus formada hazırlanırmış. Belə ki, yun didildikdən sonra onu ağ parçanın üstünə sərirmişlər. Bundan sonra yun sərilmiş ağ parçanı hamarlanmış, yonulmuş, düz silindrik ağaca büküb hər iki tərəfdən bərk bir şəkildə bağlayırmışlar. Bu ağacın adına isə “ox” deyirdilər. 5-6 nəfərin iştirakı ilə onu ayaqlayır, sonra ayaqları ilə vura-vura fırladırdılar ki, yetişsin. Salınmış yunun üzərinə isə hərdən bir ilıq su və ya yumurta sarısı səpirdilər ki, yun bir-birinə daha tez yapışsın. Yun yapışıb keçə halına gələnədək bu proses davam edirdi. Yunun yapışması üçün küncləri toxmaqla döyülürdü.

İstifadə təyinatına görə keçələr müxtəlif qalınlıqlarda hazırlanırdı. Buna görə də keçələrin bir neçə növünü sadalamaq olar. Qara keçə və ya qəlib keçəsi, yük keçəsi, yəhər keçəsi, dolaq keçəsi, at keçəsi, qapı keçəsi, namazlıq keçə, qundaq keçəsi, təpmə keçə. Keçələrə, eyni zamanda qadın və kişi geyimlərində də rast gəlinir. Çoban yapıncısı buna bariz nümunədir ki, bu da məhz təpmə keçədən hazırlanırdı. Qara keçə və ya qəlib keçələrdən, əsasən, döşənək kimi istifadə edilirdi, yük keçəsi köç zamanı yüklərin örtülməsində, yağışdan, tozdan qorumaq məqsədilə yəhər keçəsi at belinə yəhərin altından qoyulmaq üçün, dolaq keçəsi, xüsusən çobanların qış dövründə sürünü otararkən ayaqları donmasın deyə, ensiz halda hazırlanmış keçələrdir. Qapı keçəsi adından da göründüyü kimi, pərdə rolunu oynayırdı ki, bu keçələrə basma üsulu ilə xüsusi bəzəklər vurulurdu. Namazlıq keçələrsə namaz qılarkən, ibadət edərkən istifadə olunan keçələrdir. Bu keçələrin üzərində islamiyyəti ifadə edən müxtəlif elementlər (ay, ulduz, minarəbaşı və sair) təsvir edilirdi. Sərt iqlimdə köçəri həyat tərzi sürən bəzi tayfalar ailənin körpə fərdini soyuqdan qorumaq məqsədilə qundaq keçəsindən istifadə edirdilər.
Çətən el arasında “həsir” adı ilə də tanınan xovsuz xalçaların ilkin nümunələrindən hesab edilir. Bu döşənək növü cığalı və qamış bitkilərinin yaz dövründə toplanmış incə şivlərdən hazırlanırdı. Daha çox dağlıq və dağətəyi bölgələrdə xalça-palazın altından nəmişliyi və rütubəti aradan qaldırmaq məqsədilə, həmçinin yay döşənəyi kimi istifadə edilirdi. Qeyd etmək lazımdır ki, Kültəpə ərazisindən tapılmış döşənək növünün də məhz çətən olduğu təsdiqlənmişdir. Çətənlər sadə keçirmə üsulu ilə ərsəyə gəlirdi.

Bədii xüsusiyyətlərinə və toxunma texnologiyalarına görə xalçalar iki qrupa bölünür: xovlu və xovsuz xalçalar. Xovsuz xalçalar daha qədim olub öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng kolaritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: 1.Palaz 2.Cecim 3.Ladı. 4.Kilim. 5.Şəddə 6.Vərni 7.Zili 8.Sumax.
Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən, dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq, ya da döşəməyə sərmək üçün ipək, yun, pambıq saplardan toxunmuş naxışlı, gözəl və qalın parça növüdür. Bu xalçalar firavanlıq simvolu kimi yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı, əsrlər boyunca, həm də dekorativ-tətbiqi sənətin ən yaxşı və yüksək zəhmət tələb edən növlərindən biri olmuşdur.
Naxçıvan xalça sənəti özünəməxsus yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşun müxtəlifliyinə görə digər bölgələrdən fərqlənir. Naxçıvanda xovsuz xalçaların bir çox növü toxunmuşdur.
Xalçatoxuma sənətinin düyünləmə, yəni əvvəllər dolama ilmə, sonralar isə qullabı ilmə texnikası ilə əmələ gələn xovlu xalçatoxuma üsulunun inkişaf etdiyi dövr istər texniki, istərsə də bədii cəhətdən bu sənətin yüksək inkişaf dövrü hesab edilir. Hələ eramızdan əvvəl tətbiq olunan ilmə düyün texnikası, bütün başqa üsullardan fərqli olaraq mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdır. Bu texnikanın inkişafı ilə əlaqədar yeni istehsal alətləri (dəmir qayçı, bıçaq) meydana gəlmişdir. İstər xovlu, istərsə də xovsuz xalçaların toxunma prosesində digər istehsal alətlərindən (həvə, kirkidən) istifadə edilmişdir.
Naxçıvan ərazisində, əsasən, “Açma-yumma”, “Aran”, “Qoca”, “Buynuz”, “Dəryanur”, “Balıq”, “Şabalıd buta” adlı xovlu xalçalar daha çox üstünlük təşkil etmişdir. Naxçıvan xalçalarının ilmə sıxlığı 30 x 30-dan 40 x 40-a qədər olur. Bu bölgələrdə toxunan xalçaların bir kvadratmetrdən 90 min-dən 160 minə qədər ilmə yerləşir. Bəzən isə bir kvadrat metrdə 200 min ilməsi olan xalçalara da təsadüf edilir.
Naxçıvan qrupuna daxil olan xovlu xalçaların ilmə hündürlüyü, yəni xovunun qalınlığı 6 millimetrdən 10 millimetrə qədər olur. Əksər hallarda uzunsov olan Naxçıvan xalçalarının palitrası rəngarəng və çox zəngindir. Bu xalçaların rəngləri şux və parlaq olur. Bu rənglər Naxçıvan ərazisinin təbii-coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlikləri ilə əlaqədar olaraq meydana gəlmişdir.
Milli xüsusiyyətlərimizin ən parlaq nümunələrindən biri olan xalçaçılıq sənətinin yaşadılması və inkişaf etdirilməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda hər zaman dövlətimizin diqqət mərkəzindədir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 5 may tarixdə imzaladığı Sərəncam ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və həmin tarix ölkəmizdə hər il “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir. Eləcə də “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli Sərəncamı ölkə rəhbərinin bu sənətə böyük diqqət və qayğısının bariz nümunəsidir. Qədim diyarımızda bu sahənin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı və Nazirlər Kabinetinin 1997-ci il 22 dekabr tarixli Qərarına əsasən Naxçıvan Dövlət Xalça Muzeyi yaradılmışdır. 1998-ci il 26 yanvar tarixindən 387 eksponatla 200 ildən artıq tarixə malik olan qədim Xan evində fəaliyyətə başlayan muzeyin fondunda bu gün dörd minə yaxın eksponat mühafizə edilir. Muzey 2010-cu ildə müasir tələblərə cavab verən, Naxçıvan şəhərinin tam mərkəzində yerləşən yeni bina ilə təchiz edilmişdir. 1999-cu ildə muzeyi ziyarət edən ümummilli liderimiz Heydər Əliyev xalçaçılıq sənətinin xalqımızın həyatında önəmli yer tutduğunu vurğulamışdır.
Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət proqramının təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı da mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 635 ədəd əl ilə toxunmuş xalçanın reyestri hazırlanmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmişdir.

Hər bir xalq təkrarolunmaz olduğu kimi, onun yaratdığı incəsənət nümunələri də bənzərsiz milli xüsusiyyətlərə malikdir. Analarımızın, nənələrimizin əl əməyi, göz nuru olan xalçalarımız da milli-mənəvi dəyərlərimizin yaşadıcıları, mədəni informasiyaların toplandığı qədim yun kitabələrimizdir. Bir xalqın əsrlərboyu qazandığı hər hansı bir milli dəyəri qorumadan gələcək nəsillərə çatdırması mümkün deyil. Sevindirici haldır ki, sahib olduğumuz milli dəyərlərə bu gün ölkəmizdə yüksək qiymət verilir və xalq sənəti növləri hərtərəfli dövlət qayğısı əhatəsindədir. Növündən asılı olmayaraq, kamilliyi ifadə edən bütün sənət əsərləri, eləcə də xalçalarımız bundan sonra da sənəti, onları yaradan sənətkarları yaşadacaqdır.

Ülviyyə MƏMMƏDOVA
Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR