06 May 2024, Bazar ertəsi

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2021-ci il 2 mart tarixli Sərəncam imzalamışdır. Adıçəkilən sərəncam Naxçıvanda incəsənət sahəsi və onun nümayəndələrinə böyük diqqətin bariz ifadəsi kimi ziyalılar və sənət adamları tərəfindən böyük razılıqla qarşılanır. 

Bu tarixi əhəmiyyətli sərəncamda deyilir: “Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf etmişdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələrilə zənginləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülmüş, Rəssamlar Birliyi yeni bina və emalat­xana ilə təmin edilmiş, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılmışdır. Bu gün tariximizin və milli dəyərlərimizin təbliği, günümüzün real mənzərəsinin yaradılması və vətənpərvərlik tərbiyəsi Naxçıvan rəssamlarının yaradıcılığında əsas yer tutur”.

Ümumiyyətlə, Azərbaycan mədəniyyəti və incəsənəti çoxəsrlik bir tarixə malikdir. Bu mənada, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı və dünyaya tanıdılmasında naxçıvanlı istedadlı simaların da rolu çox olmuşdur. Naxçıvan məhz o diyardır ki, dünya mədəniyyətinin ilkin beşiklərindən sayılır. Burada yaşayan ulu əcdadlarımız istedad və qabiliyyətlərini Gəmiqaya qayaüstü rəsmlərində dilə gətirmiş, daşlaşdırmışlar. Dünyanın nadir, həm də açıq səma altında muzeylərindən biri hesab olunan Gəmiqayada çəkilmiş rəsm nümunələri xalqımızın istedadı və min illəri aşıb gələn mədəni inkişaf tarixinə işıq tutur. XII əsrin böyük mədəni siması olan memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı əsərlər də Azərbaycan mədəniyyətinin inkişafına yön vermiş, dünyada yayılmaqla məktəb formalaşdırmışdır. Bu günə qədər yetişib ortaya çıxmış çoxsaylı mədəniyyət xadimlərimiz də Naxçıvanda incəsənətin inkişafına öz töhfələrini vermişlər.

Ümumiyyətlə, Naxçıvan şəxsiyyətlər etibarilə çox zəngin olan müqəddəs bir diyardır. Dünyanın incisi olan bu müqəddəs torpaq kimləri yetirməmişdir ki? Əcəmi Naxçıvani, Nəsirəddin Tusi, Nemətullah Naxçıvani, Fəzlullah Nəimi, Bayrək Quşçu­oğlu, ulu öndər Heydər Əliyev və başqaları. İncəsənət sahəsində də Naxçıvan çoxsaylı görkəmli, tanınmış şəxsiyyətlərə malikdir: Bəhruz Kəngərli, İbrahim Səfiyev, Elmira Şahtaxtinskiya, Şamil Qazıyev, Məmməd Qasımov... Ümumiyyətlə, Naxçıvan rəssamları böyük xidmətləri ilə yaddaşlarda əbədiləşmişlər. Bəhruz Kəngərli elə bir nadir şəxsiyyət, incəsənət xadimi – dünya şöhrətli rəssam idi ki, təkcə öz əsərləri ilə Azərbaycanın incəsənət tarixini zənginləşdirməmişdi, həm də yaradıcılığı ilə bir tarix yazmış, epoxa yaratmışdı. Təsadüfi deyil ki, onu Azərbaycan realist rəssamlığının, dəzgah boyakarlığının banisi hesab edirlər. Onun yaradıcılıq uğurları Azərbaycanın rəsm sənəti tarixinə gətirdiyi yeniliklər kimi daxil oldu. Rəssamın əsərlərinin keyfiyyəti, mövzusu və sənətkarlıq nailiyyətləri Azərbaycan boyakarlığına zənginlik və inkişaf bəxş etdi. Onun sənəti Azərbaycan incəsənətinin taleyinə yeni istiqamət, yön verdi desək, tamamilə doğru olar. O, yaradıcılığı ilə böyük bir məktəb də formalaşdırdı. Bəhruz Kəngərlinin yaratdığı əsərlər təkcə bir sənət nümunəsi, nailiyyət göstəricisi deyil, həm də mənsub olduğu xalqının tarixi taleyi, həyat tərzi, qayğıları, faciə və kədər dünyasıdır. Bundan başqa, öz sənəti, nadir sənətkarlıq keyfiyyətləri ilə iki ölkənin (qardaş Türkiyə və Azərbaycanın) incəsənət dünyasına böyük töhfələr verən İbrahim Səfiyevin də məhz Naxçıvandan boylanan bir sənət günəşi olduğunu məmnuniyyətlə qeyd etməliyik. Deməliyik ki, bu gün artıq Naxçıvanda onlarla peşəkar rəssam çalışmaqda, öz sənət dünyaları ilə ölkəmizə böyük uğurlar gətirməkdə, incəsənət tariximizi, sənət qalereyamızı zənginləşdirməkdədir. Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamları Ülviyyə Həmzəyeva, Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərov, Elman Cəfərov, Həbibə Allahverdiyeva, Cavid İsmayılov, o cümlədən Bəhruz Quliyev, Rafael Qədimov, Həsən Qurbanov, Fizzə Quliyeva və başqaları məhz Naxçıvanda rəssamlığın yaşadılması və inkişafına böyük məsuliyyətlə çalışan istedadlı sənət adamlarıdır.

Razılıqla qeyd edə bilərik ki, hazırda onlarla istedadlı sənətkarın çalışdığı Naxçıvan Muxtar Respublikasında sənətə və onun nümayəndələrinə böyük qayğı ilə yanaşılır. Artıq 50 ildir ki, Naxçıvanda Rəssamlar Birliyi fəaliyyət göstərir. Məlum olduğu kimi, 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı təsis edilib. 2000-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi yaradılıb. Rəssamlar Birliyinə çevrilməklə qurum öz fəaliyyətinə müstəqil olaraq davam etmiş, yaradılmış geniş imkanlar sayəsində bir sıra uğurlara imza atmışdır. Rəssamlar Birliyi üçün şəhərin mərkəzində ayrılan müasir dizaynlı, əzəmətli bina da rəssamlara göstərilən dövlət qayğısının bir nümunəsidir. Binada həm də rəssamlar üçün müasir iş şəraiti, o cümlədən emalatxanalar yaradılıb. Binanın ikinci mərtəbəsində fəaliyyət göstərən Bəhruz Kəngərli adına Sərgi Salonu bir tərəfdən ulu ustada yüksək ehtiram, onun ənənələrinə sədaqət nümunəsini, digər tərəfdən Naxçıvan rəssamlarının yaradıcılıq işlərinə göstərilən böyük qayğını təzahür etdirir. Buradakı 200-ə qədər rəsm tablosu Naxçıvan rəssamlarının istedadlı yaradıcılıq işlərini uğurla nümayiş etdirir. Keçirilən müxtəlif tədbirlər, beynəlxalq təşkilati işlər Naxçıvanın bir sənət mərkəzi olduğunu ortaya qoyur. Muxtar respublikamızda beynəlxalq səviyyəli müxtəlif tədbirlərin, o cümlədən festivalların keçirilməsi, dünya xalqlarının sənət biliciləri və görkəmli rəssamlarının bu yurda qədəm basması, doğma diyarımız haqqında ürəkdolusu sözlər demələri razılıq doğurur. Ənənəvi olaraq təşkil olunan “Naxçıvan – mədəniyyətin beşiyi” adlı beynəlxalq rəsm festivalı da dünyanın sənət adamlarının qədimlik və müasirlik ehtiva edən yurdumuza toplaşdığı belə əhəmiyyətli tədbirlərdən biridir.
Artıq qeyd etdiyimiz kimi, Naxçıvanda həm sənət var, həm də sənətkara diqqət. Naxçıvanda ulu öndər Heydər Əliyev siyasi dəstxətini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərdiyi diqqət və qayğı rəssamlar, sənət adamları tərəfindən minnətdarlıqla qarşılanır. Naxçıvanda Rəssamlar Birliyinin uğurla fəaliyyət göstərməsinin təməlində tanınmış dövlət xadimi, Ali Məclis Sədrinin minnətdarlıq doğuran qayğısı dayanır. 2011-ci ildə muxtar respublika rəhbərinin sərəncamı ilə Naxçıvan Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi də bu diqqət və qayğının bir təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 2021-ci il 2 mart tarixli Sərəncamı da Naxçıvanda incəsənət aləmi və onun nümayəndələrinə göstərilən böyük diqqətin növbəti bariz ifadəsi kimi razılıq yaradır.

Məmnuniyyətlə bunu da qeyd edə bilərik ki, Naxçıvanda incəsənətin gələcək taleyi də diqqət mərkəzindədir. Gənc rəssamlara göstərilən qayğı Naxçıvanda bu sənətin gələcəyinə olan qayğı kimi minnətdarlıq doğurur. Naxçıvan Dövlət Universitetində mədəniyyətin müxtəlif sahələri, o cümlədən incəsənətlə bağlı ixtisaslar yaradılıb. Bundan başqa, gənc rəssamların fərdi yaradıcılıq sərgiləri təşkil edilir, onların böyük həvəs və şövqlə fəaliyyət göstərmələrinə lazımi şərait yaradılır. Müxtəlif müsabiqələr də gənc rəssamların uğurlarını nümayiş etdirmələrinə və təcrübə qazanmalarına imkan yaradır. Ali Məclis Sədrinin təşəbbüsü və qayğısı ilə gənc ixtisas adamlarına təcrübə keçmələri məqsədilə ustad dərsləri də təşkil olunur. Gənc rəssamların həm də Rəssamlar Birliyi ilə yaxından əlaqələri təmin edilir, ustad rəssamların əhatəsində yetişmələrinə köməklik göstərilir. Bütün bunlar Naxçıvanda rəssamlıq sənətinin yaşadılmasına və inkişaf etdirilməsinə böyük imkanlar yaradır.

İnci QULİYEVA
Naxçıvan Dövlət Universitetinin II kurs magistrantı

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR