07 May 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci rübündəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.
Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqatların nəticələrindən bəhs edib. Alim cari illə ötən ilin müvafiq dövrünün göstəricilərini müqayisəli təhlil edib.
Sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məruzəsində bildirib ki, hesabat dövründə Naxçıvan Bölməsinin tərkibindəki elmi qurumlarda elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya aid оlan 37 iş 24 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupu tərəfindən davam etdirilib.

Məruzəçi diqqətə çatdırıb ki, cari ilin birinci rübündə bölmə əməkdaşlarının 3 monoqrafiyası, 2 kitabı, 186 elmi əsəri çap olunub. Əsərlərdən 61-i xaricdə nəşr edilib, bir xəritə tərtib olunub. 9 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb. Bölmənin humanitar və ictimai elmlər seriyası üzrə “Elmi əsərlər”, həmçinin “Axtarışlar” jurnallarının bir nömrəsi çapdan çıxıb. Rüb ərzində 2 kitab, 1 monoqrafiya çapa hazırlanıb, 2 kitab, 2 monoqrafiya, 236 məqalə çapa təqdim edilib. Hesabat dövrü ərzində AMEA Naxçıvan Bölməsində elmi konfrans, 5 tədbir və 5 təqdimat keçirilib.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə həyata keçirilən AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması layihəsi çərçivəsində geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib. Məruzədə qeyd olunub ki, doktorantura yolu ilə elmlər doktoru hazırlığına 2, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığına 7, elmlər doktoru hazırlığına isə 2 nəfər qəbul olmuşdur.
Hesabat dövründə AMEA Naxçıvan Bölməsi bir sıra ölkələrlə sıx elmi əməkdaşlıq etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələri ilə iş diqqətdə saxlanılmışdır.
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilmiş, uğurlu nəticələr əldə olunmuşdur.
Qeyd olunub ki, akademik İsmayıl Hacıyev “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilmişdir. Əməkdaşlardan dosent Fizzə Məmmədova “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü, dosent Günel Məmmədova isə Hindistanın “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilmişdir.
AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxışlarında elmi göstəriciləri qənaətbəxş hesab edərək qeyd və təkliflərini bildiriblər.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR