19 May 2024, Bazar

Naxçıvan beş min ildən artıq şəhər mədəniyyətinə, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik, qütblərin və qitələrin qovuşduğu, Böyük İpək Yоlunun üzərində yеrləşən bir məkandır. Bu qədim diyar xüsusi əlverişli coğrafi mühitdə, mühüm geostrateji mövqedə yerləşdiyinə, təbii sərvətlərlə zəngin olduğuna görə tarixən beynəlxalq mənafelərin kəsişdiyi, siyasi maraqların toqquşduğu bir ərazi olub. Naxçıvanın keşməkeşli, siyasi və hərbi mübarizələr dolu şanlı salnaməsində onun 95 illik muxtariyyət tarixinin özünəməxsus yeri var.

Ardını oxu...

Ziyalı, şəxsiyyət və vətəndaş olaraq kamilləşmənin yolu mütaliədən, kitabxanalardan keçir. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kitabxanaları belə qiymət­ləndirmişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Lakin onu da etiraf edək ki, informasiya əsri olan müasir dövrümüzdə yeni texnologiyaların inkişafı informasiyaların növ və mənbə çeşidliliyinə, hüdudsuzluğuna rəvac verib. Şaxələnən informasiya dünyasında çap məhsulları öz dəyər və nüfuzunu qorumaq uğrunda “gözə­görünməz müharibə”yə təhrik edilib. Bu isə müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi bacarığı tələb edir. Saysız-hesabsız informasiya bolluğundan düzgün yararlanmaq, onu faydalılıq və zərurilik, obyektivlik əmsalı ilə qiymətləndirə bilmək pedaqoji prosesdən kənar məqamlarda, xüsusilə də yeniyetmə və gənclər arasında bəzən müşkülə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı bu problemin həlli istiqamətində zamanında atılmış addım idi.

Oxunması zəruri olan kitablar

Bu tarixi sənəd ümumi inkişafın mühüm tərkib hissəsi, aparılan çoxşaxəli yenilikçi islahatların uğurlu məntiqi davamı idi. Sərəncamı kifayət qədər dərk və icra edə biləcək mühit və cəmiyyət də artıq yetərincə formalaşdırılmışdı.

Ardını oxu...

Azərbaycan mədəniyyət tarixində, teatr salnaməmizdə öz yeri və dəst-xətti olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ictimaiyyəti daha bir uğurlu tamaşa – eyniadlı “Qılınc və qələm” səhnə əsəri  ilə sevindirdi. Çoxşaxəli ədəbi fəaliyyətə malik, Azərbaycan ədəbiyyatı tariximizə tarixi roman janrının banisi kimi düşən Məmməd Səid Ordubadinin bu əsəri ədibin 1939-1941-ci illərdə yazdığı son tarixi romanıdır. Əsərdə 1175-1225-ci illərin, təxminən, ­yarıməsrlik bir dövrün hadisələri təsvir edilir. Müəllifin əvvəlki tarixi romanları ilə müqayisədə tarixi reallıqlar burada daha dəqiq, təhrif edilmədən əks olunur. Macəraçılıq üslubunda yazılmış “Qılınc və qələm”də tarixi sənədliliklə bədii təxəyyülü ustalıqla əlaqələndirən yazıçı surətlərin təqdimində digər tarixi romanlarından daha sərbəst hərəkət edib.

“Qılınc və qələm” çoxsaylı tarixi, elmi, ədəbi mənbələrə istinadən yazılan tədqiqat xarakterli, mürəkkəb bir əsər olub, Azərbaycanda XII əsrdə baş vermiş proseslərə, intibah dövründəki ictimai-siyasi, ədəbi hadisələrə həsr edilib. Burada Atabəy Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi tarixi şəxsiyyətlərin obrazları yaradılıb. Bütün bunlar – Azərbaycan dövlətçilik tarixini, xalqımızın azadlıq uğrunda mübarizəsini əks etdirməsi romanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə Oxunması zəruri olan kitabların Siyahısına daxil edilməsini, eləcə də teatrın repertuarına salınmasını şərtləndirən amillərdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Cəlil Məmmədquluzadənin  böyüklüyü həm şəxsi həyatında və fəaliyyətində, həm yaradıcılığında ondan ibarətdir ki, o, ... ümumbəşəri dəyərləri dərk edib, öz milliliyi ilə öz ana dili ilə, öz milli kökləri ilə birləşdirərək Mirzə Cəlil  – Cəlil Məmməd­quluzadə olmuşdur.


Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikrinin bayraqdarı, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biridir.

Məşhur yazıçı, böyük ictimai xadim ədəbiyyat tariximizə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, tənqidi-realist nəsrin banisi kimi düşmüşdür. XX əsrin əvvəllərindən bədii yaradıcı­lıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri bu gün də bədii nəsrimizin unikal nümunələri hesab edilir. Cəlil Məmmədquluzadənin sovet dövrü hekayələrində, o cümlədən “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi bədii nümunələrdə cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.
Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsinin yaradıcısı kimi iz qoymuşdur. Ədibin canlı xalq dili, Azərbaycan danışıq üslubu ilə seçilən əsərləri kiçik adamı böyük ədəbiyyatın əsas qəhrəmanı etməsi ilə də mühüm ədəbi mərhələni təşkil edir. Onun ilk dram əsəri, ilk alleqorik və mənzum pyesi “Çay dəstgahı”dır. Ədibin komediyaları faciəviliyi ilə də seçilir. Məşhur “Ölülər” əsəri Azərbaycan tragikomediyasının zirvəsini təşkil etməklə, bütövlükdə, türk-müsəlman dünyasını cəhalət və mövhumata qarşı mübarizəyə səsləyən qüdrətli əsərdir.
Görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli “Anamın kitabı” dramına “Azərbaycançılığın ədəbi manifesti”, “Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” elmi-bədii dəyərini vermişdir.

Ardını oxu...

Tarixin yaşıdı, bəşəriyyətin beşiyi Naxçıvan Nuh Peyğəmbərin ayaq basdığı müqəddəs torpaqdır. Əzəli və əbədi Azərbaycan torpağı, Gəmiqaya daş kitabəli, Böyük İpək Yolunun yolçusu bu ulu diyar Naxçıvan şəhərinin timsalında şəhərsalma mədəniyyəti ilə də tarixə öz qədimlik möhürünü vurub. 

Ardını oxu...

Bu günlərdə dəvət olunduğum bir toy məclisi çoxdandır beynimi qurcalayan fikirləri, nəhayət, qələmə almağa vadar etdi. Söhbət yenə də ayrı-ayrılıqda hər birimizin yaralı yeri olan, son dövrlərdə ictimai müzakirə mövzusuna çevrilən xeyir-şər mərasimlərimizə  xas adət-ənənələrimizdən gedir. İlk olaraq yas mərasimlərimizdən yazmaq istədim. Ona görə yox ki, “Şər deməsən, xeyir gəlməz!” deyimini əsas götürdüm. Ona görə ki, toylarımıza nisbətən yas mərasimlərindəki vəziyyət çox-çox qənaətbəxşdir. 

Ölən yazıq olur, yoxsa qalan?

Bu gün Naxçıvanda yas mərasimlərində israfçılığın aradan qaldırılması yerli əhali tərəfindən böyük savab iş kimi minnətdarlıq hissləri ilə qarşılanır. Hətta Azərbaycanın Gəncə və digər bölgələrində ilk dəfə Naxçıvanda atılan bu addımdan ideal nümunə kimi faydalanmağa başlanılıb. Yoxsa ki, insanlar bilmirdi ağır itkilərinin, faciələrinin dərdini çəksinlər, ya məclis üçün növbənöv ehsan tədarükündə olsunlar. Qəbiristanlıqlarda aparılan abadlıq, səliqə-sahman işləri də sakinlərin ürəyincədir. Vaxtilə qəbiristanlıqlarda “məzarüstü abidələr ucaldıb”, ətrafında “memarlıq kompozisiyaları” yaradanları, sağ ikən özlərini burada “qeydiyyata saldırıb” şəxsi mülkləri kimi ərazi hasarlayıb zəbt edənləri görəndə fikirləşirdim: bəziləri xeyirxahlıq, humanizm, ədalət hissləri təlqin edən “İnsan gərək o biri dünyasını fikirləşə!” kəlamını, deyəsən, səhv anlayırlar. Nə dinə, nə mənəviyyata sığan bu əməllərin yalnız bir adı var: şöhrətpərəstlik azarı. Özü də elə adamlar bunu edir ki, həmin “əzizlərini” sağ ikən, ağır yataqda ikən günlərlə arayıb-axtarmayıblar. Heç bundan sonra mərhumun ailəsini, uşaqlarını düşünüb onlara maddi-mənəvi dəstək olmaq fikrində də deyillər. Əksinə, bəlkə də, elə günü sabah mülk davasına qalxacaqlar. Təki el-aləm mərhuma olan məhəbbətin dərəcəsinə heyran olsun. Digər bir “ölüyə məhəbbət nişanəsi” də şəhərin bu başından o başına uzanan dəfn karvanlarıdır. Hansısa zəruri işini, problemini bir kənara atıb, vacib işlərini yarımçıq qoyub dəfnə qaçan “könüllülər dəstəsi” yolda bir tıxac yaradırlar ki, gəl görəsən. Özü də heç də təmənnasız deyil ha, gərək sən də sabah mütləq filankəsin filankəsinin dəfnində necə olursa-olsun mütləq iştirak edib borcundan çıxasan. Xeyirdə-şərdə insanların bir-birinə mənəvi dəstək olmaları xalqımızın qədim adət-ənənəsidir. Lakin xeyir də, şər də insanların əzizləri, doğmaları üçündür. Qısa müddətə də olsa, bu, bütün şəhərin, məmləkətin gündəlik həyatına, iş-yaşayış ahənginə mane olmamalıdır axı. Qaldı ki, üçü, yeddisi, cümə axşamları, qırxı. Xüsusilə də bina evlərində (bu yerdə muxtar respublikanın ayrı-ayrı rayonlarında mərasim evlərinin tikilməsinin xüsusi razılıqla qarşılandığını xatırlatmaq istəyərdim) qadınlar qeybət eləməli olsalar da, hüzr yerində mütləq bir saat, saat yarım oturmalıdırlar. Gələnlər çöldə gözləsələr də, ev adamının tünlükdən, qulluq eləməkdən nəfəsi kəsilsə də olar. Tez durmaq yas sahibinə hörmətsizlikdir axı? Sabah o da eyni cür rəftar edə bilər. Əlqərəz, ölən ölüb gedir, vay qalanın halına. Bəzən hər şeydə olduğu kimi, yasda da, toyda da həddindən artıq ifrata varırıq. Bu da quru şöhrətpərəstlikdən, eqoizmdən, lovğalanmaqdan və bir də dahi Mirzə Cəlil demişkən, təqlidçilik azarından irəli gəlir. Keçək toylarımıza.

Toy, toy, toydu bu gün

Ümumiyyətlə, yığıncaq keçirməyə son vaxtlar, necə deyərlər, bir növ adətkərdə olmuşuq. Uşaq anadan oldumu, onun gələcək sağlamlığı, hərtərəfli müayinəsi və düzgün qidalanması qeydinə qalmaq əvəzinə onu doğum evindən xüsusi bəzədilmiş cah-cəlallı xarici maşında, kamera çəkilişinin müşayiətilə təmtəraqla çıxarmalıyıq. Körpəyə adqoydu, yeddi mərasimi, ad günləri də öz qaydasında, dəbdəbəli şəkildə keçirilməlidir. Kiçik toyları – müsəlmançılıqla bağlı bir adəti restoranlarda, içki məclisi ilə, xarici rəqslərlə qeyd eləməyin də bir özgə ləzzəti var. Bəzən öz şöhrətpərəstlik şakərimizdən ötrü hələ heç nə dərk etməyən yazıq uşaqları da bir neçə saatlığa “bəy stulunda” farağat əyləşməyə məhkum edirik.
Övladın ali məktəbə qəbul oldumu, bir təmtəraqlı stol, bitirdimi bir təmtəraqlı stol, əsgərliyə getdimi bir təmtəraqlı stol, qayıtdımı bir təmtəraqlı stol və sair və ilaxır. Mən heç də insanın əziz, şad günlərini qeyd etməyin əleyhinə deyiləm. Əksinə, yarıkönül gəlib boğazdanyuxarı mübarəkbadlıq verən qeyri-səmimi insanlarla eyni süfrəni, daxili sevinci paylaşmaqla yalançı sosiallaşmanın, yalnız sənə aid olan əziz, yaddaqalan bir günü mənasızlaşdırmağın, cılızlaşdırmağın əleyhinəyəm. Belə əlamətdar günləri ən yaxın ailə üzvləri, doğmalarla qeyd etməyə çox vaxt şöhrətpərəstlik azarımız, pul yığmaq məqsədimiz yol vermir. Əvəzində isə bir də ayılırıq ki, başımız bu növ vacib əməllərə o qədər qarışıb ki, övladlarımızın təlim-tərbiyəsini, təhsilini unutmuşuq, onlardan mənən, ruhən nə qədər uzaqlaşmışıq, yadlaşmışıq. Bu zamanı və pulları onların mənəvi tərbiyəsinə, fiziki və psixoloji sağlamlığına, asudə vaxtlarını səmərəli keçirmələrinə, onlara mədəni zövq aşılamağa sərf etsək, daha hərtərəfli dünyagörüşə malik, müasir düşüncəli, özünəinamlı, intellektli və istedadlı gənclər yetişdirə bilərik. Bu sərmayəni daha əhəmiyyətli, mühüm perspektivli işlərə – səyahətlərə, mütaliə üçün maraqlı ədəbiyyatlar seçməyə, övladlarımızın dil öyrənmələrinə, əyləncə və istirahətlərinin mənalı təşkilinə yatırmaq olmazmı? Belədə, həm də elə ilk vaxtlardan övladlarımızın istedad və qabiliyyətlərini, maraq dairəsini kəşf edə bilərik.

Toya qədər sən küsməsən, toydan sonra düzələr (?!)

Elə ki iki gəncin ailə qurmaq niyyətini bildik, təbii ki, əgər ona da ciddi müdaxilə etmiriksə, düşürük əl-ayağa, vur-çatlasına. Bütün umu-küsülər, tərəflərarası münaqişələr də bundan sonra başlayır. Bəs neçə dəfə elçi gəlinməlidir, özü də elçilər Anarın “Evləri köndələn yar” əsərindəki kimi mütləq üç akademik, beş professor, ya da ən azından elmlər namizədi olmalıdır. Gəlinə qızıl və digər zinət əşyaları hansı bahalıqda alınmalıdır, cehizlik mebellər hansı məşhur xarici firmanın olmalıdır? Başlıq parası da ki öz yerində, qanı qiymətinə. Yeni yaranacaq ailənin psixoloji-fizioloji sağlamlıqları qeydinə qalmaq, lazım gələrsə tibbi müayinələrə, həkim məsləhətinə yönəltmək, gəncləri “ailə” adlanan kiçik dövlət quruculu­ğuna mənəvi-psixoloji cəhətdən hazırlamaq, ailədaxili münasibətlərin qurulduğu ilkin mərhələdə onlara dəstək olmaq əvəzinə öz “biznesimizi inkişaf etdiririk”.
Qədimdə nənə-babalarımız bir üzük, bir dənə də qırmızı yaylıqla gediblər bəlgəyə. Sonra da qonum-qonşu yığışıb hərə əlindən qopandan nə bacarırsa kömək etməklə, gənc ailənin zəruri ehtiyaclarını ödəməklə yeni qurulan ailəyə maddi və mənəvi dəstək olublar. Çox sadə, təmiz-talaq, mənəvi paklıq və halallıq üzərində qurulan ailələrin ömrü də uzun olub. Çünki gənclər də belə görüb-götürdüklərinə görə könlü-gözü tox olublar. Elə çox­uşaqlılıq da belə xoşbəxt ailələrin bəzəyi olub. Biz isə özümüz də bilmədən toy etmirik ey, özümüz-özümüzə lap toy tuturuq. Gənc ailəyə bolluca problemlər qoyuruq. Qır-qızıl, cer-cehiz, toy xərcini ödəməkdən lap nəfəsimiz kəsilir. Bir tərəfdən də vaxtilə toya gələn adamların toy borclarını qaytarmaq. Üstəlik də maddi rəqabət, şöhrətpərəstlik təməli bu cür qurulan ailələrin ömürlük yolyoldaşı olur. Gəlin deyir: “Bəs mənim filankəsin qızı, filankəsin gəlinindən nəyim kəm-kəsirdi ki, ona təkqaşlı brilyant, ağ qızıl, filan karatlıq komplekt gətiriblər, mənə yox?” Qayınana da: “Qonşular gələndə ananın verdiyi cehizi ortalığa çıxarmağa xəcalət çəkirəm. Atan niyə kürəkəninə maşın, ev almadı?” – deyə qeyzlənir. Bütün bu problemlər də ailələrin qısa zamanda dağılmasına, boşanmalara səbəb olur.
Hə, onu deyirdim axı. Qayıdaq toyqabağı “toylara”. Xınayaxma mərasimlərimiz həddindən artıq dəbdəbələşdirilib, yadlaşdırılıb. “Ciyər axşamı” deyilən toyqabağı axşamda da, çox təəssüf ki, bəzən ciyəryeyənlərin içki məclisinin səhərə qədər davam etməsi, hətta dava-dalaşla nəticələnməsi kimi neqativ hallara da rast gəlinir. Ev adamı da bilmir ki, sabahkı toy tədarükünün qeydinə qalsın, yoxsa bu məclisdəkilərə qulluq eləsin.
Toylarımız da ki xoşbəxtlik təzahürü, mədəni istirahət, mənəvi zövq üçün yox, sanki ancaq bolluca yeyib-içmək üçün nəzərdə tutulur. Elə bil kimsə sabahdan aclıq başlayacağı xəbərini verib. Cürbəcür salatlar, isti yeməklər, çərəz, meyvə, tort, dondurma, kürü, daha nə bilim nələr. Sonra da az qala bir həftə sağlamlıq problemləri yaşayırıq. İllah da ki, yayın cırhacırı ola. Tez xarab olan salat və ət yeməklərindən, keyfiyyətsiz içkilərdən, köhnəni təzəyə qatan restoran sahiblərinin mərhəmətinin bərəkətindən toydan sonrakı kütləvi zəhərlənmə halları azmı olur? Yeməklərin növ və çeşidinə diqqət etməklə həm ifrat israfçılığın qabağını almış olar, həm də əlavə xərclərdən yüngülləşməklə “nə edim, kimləri çağırım ki, toyun xərcini batırmayım?” problemi qarşısında qalmarıq. Toya dəvət məsələsi də elə buradan qaynaqlanan problemdir ki, xərci borcunu ödəsin deyə ucdantutma, yolüstü salamlaşdığımız adamları da toya çağırmaqla süni qələbəlik yaradır, bu da qonaqlara lazımi diqqət göstərə bilməməyimizə səbəb olur. Məgər özümüz də eynilə gözlənilməz toy dəvətnaməsinə ağızbüzən əks-tərəfin durumuna düşməmişik­mi? Elə isə menyuya da, çağırılan qonaqların sayına da qənaət etməklə həm özümüzü, həm da başqalarını razı salmış olarıq.
Gələk daha əsas mətləbə. Toy iki gəncin qovuşduğu, yeni bir ailənin təməlinin qoyulduğu elə bir əlamətdar gündür ki, heç vaxt unudulmur. Yaddaşlarda, videokadrlarda yaşayır. Toyu əvvəlcədən hazırlanmış elə mənalı ssenari əsasında təşkil etmək lazımdır ki, hər anı xoş xatirələrlə yaddaqalan olsun. Hər dəfə o kadrlara mənəvi zövq ala-ala, təkrar-təkrar baxa bilək. Amma çox təəssüf ki, bugünkü toylarımızda ruhumuzu oxşayan milli musiqilərimizə, xalq mahnı və rəqslərinə, sümüyə düşən qara zurna, telli saz havalarına çox az yer verilir. Hanı əvvəlki toylarımızın zinəti olan yallılarımız, “Süleymanı”, “Uzundərə”, “Naz eləmə”, “Qaytağı” kimi oynaq, şux və nəhayət, özümüzün olan rəqslərimiz? Təəssüf ki, bütün başqa millətlərin hər janrda olan musiqilərindən rast gəlmək olur müasir toylarımızda. Ya da ki “Can-cana” və “Cəmilə” kimi əttökən bayağı musiqilərdən “feyziyab oluruq”. Bəzən də əsl Azərbaycan xanımına yaraşmayan şıdırğı kişisayağı oynayır, meydandan çıxmırıq. Axı bizim ana-nənələrimiz zorla ortalığa çağırılanda, xanım-xatınlıqları, su sonası kimi ahəstə, gül qədər zərif süzmələri ilə yerə-göyə naz satıblar. Vaxtilə toylarımızda tar, kaman və qaval üçlüyünün müşayiətilə səslənən gözəl musiqilərimiz ruhları təzələyər, toya xoş ovqat bəxş edərdi. Açıq havada qurulan böyük toy mağarında insanlar ellikcə yallı gedər, “Qazı-qazı”, “Kos-kosa” kimi xalq oyunları toya xüsusi şirinlik, şuxluq qatardı. Bu gün yadların “medlenno”ları əvəzinə Tofiq Quliyev, Elza İbrahimova, Emin Sabitoğlu kimi estrada musiqisinin, mahnı janrının ustadları olan gözəl bəstəkarlarımızın saf, ülvi məhəbbətdən yoğrulmuş, ürəkləri, ruhları ehtizaza gətirən həzin, lirik mahnılarının sədaları altında ahəstəcə rəqs etmək olmazmı? Bayağı, yorucu musiqilər bəs deyilmiş kimi, tikilişi akustik baxımdan şadlıq sarayı üçün nəzərdə tutulmayan restoranlarımızda dörd bir tərəfdən səsgücləndiriciyə o ki var güc verilir. Nəinki insanların, az qalır binanın zəhri yarılsın. Belə toylardan birində, o zaman dörd yaşı olan bacım qızı Xalidə əvvəlcə uşaq şıltaqlığı ilə səsinin eşidilməməsindən xoşlanaraq iki əlini ağzına tutub ucadan danışmağa başlamış, bir az sonra isə şəhadət barmaqları ilə qulaqlarını tıxıb: “Gedək, nə olar, çıxaq gedək evə!” – deyə təkid etməyə başlamışdı. Məmnuniyyətlə bu israra boyun əymişdim.
Bəzi “müasir” toylarımıza, buradakı son dəbdə, “zövqlə” geyinmiş “müasir” insanlara rast gələndə düşünürəm: “Avropalaşmaq, müasirləşmək qiyafədə zahirdə deyil, müasir elmi təfəkkür və dünyagörüşündə, həyata açıq baxışda, ziyalılıqda, mədəni davranış tərzində olmalıdır”. Son olaraq istərdim ki, dahi Üzeyir bəyin şah əsərləri əsasında çəkilən “O olmasın, bu olsun”, “Arşın mal alan” filmlərindəki toy səhnələrini, milli rəqslərimizi xatırlayıb dönüb müasir toylarımıza da nəzər salaq. Bax milli genezisimizdir, milli ruhumuzun tələbatıdır bizi eyni həvəslə, zövq ala-ala əzbər bildiyimiz bu filmlərə təkrar-təkrar baxmağa sövq edən.
Əziz oxucum. Mənim yazmaya bilmədiklərim, əslində, heç də tipik olmayan, lakin hamımızın tez-tez rastlaşdığı hallardır. Amma, nədənsə, ilk addım atmağa cəsarət etmirik. Məgər ana südü kimi halalımız olan, bizim millilik etalonumuz sayılan adət-ənənələrimizə, milli dəyərlərimizə hörmət üçün hansısa bir rəsmiləşdirmə, qanuniləşdirmə olmalıdır? Buna dövlət, rəhbər nəzarət etməlidir? Ən böyük nəzarət ictimai qınaq, özü-özünə nəzarət, ən ağır ittiham isə vicdanın səsidir. Ən məsul vəzifə vətəndaşlıq borcudur. Bu gün keçmişimizə sahib çıxmağı bacarmasaq, sabah gələcək qarşısında cavab verməli olacağıq. Necə deyərlər, bugünkü toylarımızın səsi sabah çıxacaq.
Bütün sahələrdə öz müdrikliyi, uzaq­görənliyi, dəyərli ənənələri ilə seçilən Naxçıvan, inanıram ki, xeyir-şər mərasimlərimizlə də bağlı ideal nümunə olmağı bacaracaq. Bəs elə isə TOYUNUZ MÜBARƏK! Qoy hər birinizin evindən-ocağından toy səsi gəlsin.

 Mehriban SULTAN

Müstəqillik dövründə Azərbaycanın demokratik dövlət kimi xarici siyasətinin müəyyənləşdirilməsi, sosial-iqtisadi, ictimai-siyasi münasibətlərinin formalaşdırılması, milli qanunvericiliyinin yaranması ilə bağlı müxtəlif mövzular ayrı-ayrı tədqiqatçılar tərəfindən araşdırılmışdır. Bu tədqiqatlardan bəziləri isə regional əməkdaşlıq məsələlərinə, onun müxtəlif sahələrinə – Xəzərin enerji resurslarının hasilatı, nəqli sahəsində dövlətlərarası, dövlətlərlə beynəlxalq şirkətlər arasındakı münasibətlərin ümumi geosiyasi istiqamətlərinə həsr edilmişdir. Lakin konkret olaraq enerji təhlükəsizliyi, o cümlədən Xəzər regionunun enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri indiyədək ayrıca, sistematik şəkildə tədqiq olunmamışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbovun yenicə çapdan çıxmış “Enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” monoqrafiyası öz elmi əhəmiyyəti ilə seçilir.

Monoqrafiya ilk olaraq qarşıya qoyulan problemin ümummilli liderimiz Heydər Əliyevin enerji siyasətinin formalaşması və inkişafındakı tarixi xidmətləri kontekstində öyrənilməsi ilə diqqəti cəlb edir. Yeni tədqiqat əsərinin yazılmasında çoxsaylı Qərb müəlliflərinin, beynəlxalq hüquq üzrə tanınmış ekspertlərin ingilis və rus dillərində olan əsərlərinə, eləcə də digər elmi mənbələrə müraciət edilmiş, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitq və çıxışlarına geniş yer verilmişdir.
Azərbaycan Respublikasının Xəzər regionunda enerji təhlükəsizliyi sferasında əməkdaşlığa üstünlük verdiyi məsələlərin yalnız bərabərhüquqlu, beynəlxalq-hüquqi vasitələrlə həllinə maraqlı olması mono­qrafiyada bir daha öz elmi-nəzəri təsdiqini tapmışdır.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR