Özbəkistanın Daşkənd şəhərində peşəkar kikboksçular arasında “Uzbekistan Open” beynəlxalq turniri keçirilib. Dünya Kikboksinq Assosiasiyası tərəfindən təşkil edilən yarışda milli komandamızın və “Neftçi” İK-nın üzvü, Naxçıvan idmançısı Ruslan Musayev də iştirak edib.

Yerli kikboksçu Azizbek Nematovla qarşılaşan təmsilçimiz görüşün taleyini ilk raundda həll edib. Qarşılıqlı həmlələrlə başlayan döyüşün gedişində idmançımızın effektiv ayaq zərbəsi rəqibi nokaut vəziyyətinə salıb. Nəticədə, Ruslan qalib elan olunub. Qələbə sayəsində təmsilçimiz beynəlxalq turnirin kubokuna layiq görülüb.
Qeyd edək ki, idmançımız dünya kubokunun sahibi, Avropa və dünya çempionatlarının mükafatçısıdır. Müxtəlif beynəlxalq turnirlərin, həmçinin 8 dəfə Azərbaycan çempionatının qalibi olub. Karyerasında 13 peşəkar döyüş keçirən Ruslan Musayev bu nəticə ilə 11-ci qələbəni aktivinə yazdırıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti