Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti onlayn ekskursiya Xatirə Muzeyində keçirilib.
Ekskursiyanın əvvəlində bələdçi Tamara Novruzova muzeyin yaradılması və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu mədəniyyət müəssisəsi 1997-ci ilin yanvar ayında 500 eksponatla fəaliyyətə başlayıb.

2000-ə yaxın eksponatı mühafizə edən muzeyin ekspozisiyasında XIX əsrin sonlarından XXI əsrin əvvəllərinədək erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları və digər dəyərli eksponatlar qorunub saxlanmaqdadır.
Ekskursiyaya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhidlər haqqında qiymətli kəlamı ilə başlayan bələdçi izləyicilərin nəzərinə çatdırıb ki, Azərbaycanda baş verən qırğınlara, faciələrə ilk dəfə hüquqi-siyasi qiymət verən görkəmli dövlət xadimi olub. Ekspozisiya zalının ilk guşəsində ulu öndər tərəfindən soyqırımı və deportasiya, 20 Yanvar faciəsi ilə əlaqədar imzalanan dövlət sənədlərinin surətləri, eləcə də 20 Yanvar faciəsi zamanı çəkilmiş fotoşəkillər nümayiş olunur.
Ekskursiya zamanı xronoloji ardıcıllıqla ermənilər tərəfindən xalqımıza qarşı törədilən qırğınlar, 1948-1953-cü illərdə baş vermiş deportasiya, II Dünya müharibəsi, 1990-cı il 20 Yanvar və 1992-ci il Xocalı faciələri, 1990-1993-cü illərdə baş vermiş Sədərək döyüşləri, o cümlədən, Azərbaycanın müxtəlif bölgələrində gedən döyüşlərdə Vətənin müdafiəsi zamanı şəhid olmuş naxçıvanlı Milli qəhrəmanlar və şəhidlər haqqında məlumat, fotoşəkil, rəsm əsəri və kitabın yer aldığı guşələr haqqında məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti