Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İqtisadi inkişafda gömrük xidmətinin rolu və yeni startap layihələri” mövzusunda praktik məşğələ keçirilib.


Sədərək Gömrük İdarəsində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Dünya iqtisadiyyatı, eləcə də Beynəlxalq ticarət və logistika ixtisaslarında təhsil alan və startap komandalarında təmsil olunan tələbələri iştirak edib.
Komitənin İnnovasiya Mərkəzinin rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin Naxçıvanda startap hərəkatının genişlənməsi, innovasiyaların dəstəklənməsi, kadr hazırlığı işinin səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. İqtisadi sahədə innovativ layihələrin hazırlanması ilə bağlı görülmüş işlərin nəticəsi olaraq bu vaxta qədər 6 layihə üzərində iş aparılıb, uğurlu layihələr mükafatlandırılıb və “Startap Naxçıvan” portalına təqdim olunub. Universitetdə cari tədris ilindən açılan Beynəlxalq ticarət və logistika ixtisasının tələbələri də yeni startaplar üzərində işləyirlər.
Komitə əməkdaşlarından gömrük xidməti leytenantı Turqut Abbasov və polkovnik-leytenant Emin Eylazov muxtar respublika gömrük orqanlarının fəaliyyəti, gömrük işinin səmərəli təşkili, gömrük nəzarəti və rəsmiləşdirilməsi, vətəndaşların, malların və nəqliyyat vasitələrinin gömrük keçidi, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov qeyd edib ki, ali təhsil ocağı ilə gömrük xidməti arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və birgə tədbirlər planının həyata keçirilməsi tələbələr üçün səmərəli innovasiya mühitinin formalaşması və innovativ təkliflərin dəyərləndirilməsi üçün əlverişli şərait yaradır.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Sədərək dövlət sərhəd-buraxılış buraxılış məntəqəsinin müasir infrastrukturu və iş fəaliyyəti ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti