19 May 2024, Bazar

Peşəmlə əlaqədar ümumtəhsil məktəblərində tez-tez oluram. Bu günlərdə nümunəvi sinif rəhbəri haqqında yazmaq qərarına gəlmişdim. Odur ki, əvvəlcədən müəyyənləşdirdiyim Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbə getdim. Fikrimi bildirərək məktəb direktorunun məsləhət gördüyü müəllimin rəhbərlik etdiyi sinfə baş çəkdim. Nə görsəm, yaxşıdır? 15 şagirddən cəmi 8-i dərsdə iştirak edirdi. Təəccübləndiyimi görən direktor dilləndi:
– Yeddi şagirdimiz müəllim yanına hazırlığa gedir.
“Nümunəvi” sinif rəhbəri isə əlavə etdi:
– Həmin şagirdlərə özümüz icazə vermişik. İnanırıq ki, onlar ali məktəblərə qəbul imtahanlarında daha çox bal toplayacaq, başımızı uca, üzümüzü ağ edəcəklər. Odur ki, fənn müəllimləri ilə məsləhətləşmişik, onlara “qayıb” yazılmaması qərarına gəlmişik.
– Deməli, sinifdə əyləşən bu uşaqların biliyinə güvənmirsiniz, eləmi?

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında elm, təhsil və yeni texnologiyanın tətbiqi istiqamətində yaradılmış sıx əlaqələr getdikcə daha da genişlənir. Kimçonq Universitetinin “Elmi əsərlər” jurnalı 2012-ci ildə çıxan 33-cü sayında Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin “Azərbaycan-Cənubi Koreya əlaqələrində Naxçıvan” mövzusunda məqaləsini çap etməklə universitetlərarası əlaqələrin salnaməsinə daha bir səhifə də əlavə etmişdir. Məqalədə Cənubi Koreya ilə Naxçıvan Muxtar Respublikasının rabitə, informasiya texnologiyaları, elm və ali təhsil sahəsindəki çoxcəhətli əlaqələrindən sistemli şəkildə bəhs olunur.

Mehriban SULTAN

Ulu öndər Heydər ƏLİYEV: Azərbaycan gənclərinə üzümü tutaraq deyirəm ki, cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir.

Hər bir dövlətin müstəqil yaşaması üçün onun güclü ordusu olmalıdır. Ərazi bütövlüyünün təminatçısı olan ordunun formalaşdırılması isə ixtisaslı hərbi kadrların hazırlanmasından asılıdır. Ümummilli liderimiz Heydər Əliyev istər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirmiş, gənc hərbi kadrların hazırlanması istiqamətində konkret tədbirlər görmüşdür. Dahi şəxsiyyətin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi Azərbaycanda milli kadrların yetişdirilməsində ilk addım olmuşdur. Moskvanın ciddi narazılığına baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu quruculuğunun əsasını təşkil etmişdir.
Müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, Milli Ordunun peşəkar zabit kadrları ilə təmin olunmasına və hərbi təhsilin inkişafına da ciddi diqqət yetirilmişdir. Ümummilli liderimizin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmış, qədim Azərbaycan torpağı olan Naxçıvanda ixtisaslı hərbi kadrların yetişdirilməsinə başlanmışdır. 1999-cu ildə filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz demişdir: “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin burada filialının yaradılması zərurəti ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün Hərbi Liseyin filialının yaradılması çox zəruri idi”. Gələcəyə böyük ümidlərlə deyilən bu fikirlər qısa zamanda reallığa çevrilmiş, 2001-ci ildə filialın ilk buraxılışı olan 50 məzundan 49-u ali hərbi məktəblərə qəbul olunmuşdur.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 26 fevral Xocalı faciəsi ilə əlaqədar “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda üçüncü muxtar respublika inşa yazı, şeir və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev, Yazıçılar Birliyinin sədri Asim Yadigar və Rəssamlar Birliyinin əməkdaşı Bəhruz Quliyev çıxış edərək Xocalı faciəsinin kökündə dayanan səbəblər və faciə haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, müsabiqəyə 10 inşa yazı, 10 şeir və 24 rəsm işi təqdim olunmuşdur. İnşa yazı müsabiqəsində Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Elnurə Tahirova birinci, Şahbuz rayon Qızıl Qışlaq kənd tam orta məktəbinin IX sinif şagirdi Elvin Həziyev ikinci, Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Ayişə Əsgərli üçüncü yerlərin sahibi olmuşlar.
Rəsm müsabiqəsində müvafiq yerləri Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Lamiyə Abbasova, Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Fərmin Bağırov, Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Məsum Zamanov tutmuşlar.
Şeir müsabiqəsində Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbinin IX sinif şagirdi Röya Mirzəli birinci, Şərur rayon Aşağı Yaycı kənd tam orta məktəbinin XI sinif şagirdi Aysu Məmmədova ikinci, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Şahnaz Əhmədova üçüncü yerlərə layiq görülmüşlər.
Qaliblərə diplomlar verilmişdir.

Xəbərlər şöbəsi

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dilim zəngin xəzinəmdir” mövzusunda II muxtar respublika şeir müsabiqəsi keçirilmişdir.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov açaraq müsabiqənin şərtləri barədə iştirakçılara məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Zeynal Hümbət­ov, Yazıçılar Birliyinin sədri Asim Yadigar dilimizin bugünkü inkişafı, dövlət statusu almasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışmışlar.
Sonra müsabiqədə iştirak edən ümumtəhsil məktəblərinin şagirdləri dilimizə həsr olunmuş şeirləri bədii qiraət etmişlər. Münsiflər heyətinin rəyinə əsasən, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Mirqabil Əkbərov birinci yerin qalibi olmuşdur. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Heydər Əliyev adına Hərbi Liseyin şagirdi İbrahim İbrahimli və Babək rayon Qoşadizə kənd tam orta məktəbinin şagirdi Gülənbər Nuriyeva tutmuşlar. Qaliblərə və həvəsləndirici yerləri tutanlara təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Təsdiq olunmuş qrafikə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi tərəfindən Naxçıvan şəhərində və rayonlarda növbəti tədris ilində keçiriləcək qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilir.
Regional bölmədən aldığımız məlumata görə, seminar-məşğələlərə fevral ayının 15-dən başlanılıb. Bu günə qədər Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək rayonlarında və Naxçıvan şəhərində belə məşğələlər keçirilib. Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahan texnologiyaları və imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah olunub, rast gəlinən neqativ hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib. Seminar-məşğələnin sonunda iştirakçıların sualları cavablandırılıb, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
Bu gün isə növbəti seminarın ünvanı Ordubad və Culfa rayonları olacaq.

Xəbərlər şöbəsi

Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanı ilə xalqımıza qarşı xəyanət yolunu tutmuş Əkrəm Naibovun yaramaz hərəkətləri ictimaiyyət arasında kəskin narazılığa, xalqın haqlı hiddətinə səbəb olmuşdur. Əzəli və əbədi düşmənimiz olan erməni millətçilərinin dəyirmanına su tökən bu antiazərbaycan təbliğatlı roman gələcəyimiz olan gənclər tərəfindən də çox böyük nifrətlə qarşılanmışdır. Əkrəm Naibovun bu cızma-qarasının yazıçı və şairlər, ziyalılar tərəfindən kəskin tənqid edilməsi, xalqımızın mənəviyyatına vurulmuş ən ağır zərbə və tariximizin saxtalaşdırılmasına yönələn növbəti düşmən cəhdi kimi qiymətləndirilməsi, bu “əsər”in bədii əsərdən çox siyasi məqsəd daşıması müəllifin xəyanətkar simasını ortaya çıxarır. Siyasi sifariş məhsulu olan bu “əsər” və onun erməni müəllifi layiq olduğu qiyməti almış, Azərbaycan xalqının nifrəti ilə damğalanmışdır.
Bütün bunlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 13 fevral 2013-cü il tarixli 7 №-li əmri ilə ümumtəhsil məktəblərinin IX sinifləri üçün II yarımildə nəzərdə tutulmuş “Əkrəm Naibovun həyat və yaradıcılığı haqqında” 4 dərs saatının tədrisi dayandırılmış, həmin saatlar sinifdənxaric oxu materiallarının tədrisi ilə əvəz edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunmuş təkmilləşdirmə kursunu başa vuran muxtar respublikanın ümumtəhsil məktəblərinin bir qrup psixoloq-müəllimlərinə sertifikatlar verilmişdir.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, 1999-cu ildən başlayaraq mərhələ-mərhələ həyata keçirilən yeni təhsil islahatında, başlıca olaraq, yeni təlim metodlarını mənimsəmiş müəllim hazırlığının təşkili işi problem kimi qarşıya qoyulmuşdur. İbtidai sinif və fənn müəllimləri ilə yanaşı, psixoloq-müəllimlərin də hazırlığı nəzərdə tutulmuşdur. Bu məqsədlə institutumuzda psixoloq-müəllimlər üçün müntəzəm olaraq qısamüddətli (60 saatlıq) kurslar təşkil olunur. Bundan əvvəl təşkil edilmiş iki qrupa 60 nəfərdən çox psixoloq-müəllimin cəlb olunduğunu vurğulayan rektor qeyd etmişdir ki, bu gün üçüncü qrupa sertifikatlar verilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında yaradılan virtual əlaqə vasitəsilə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla onlayn görüş keçirilib.
Onlayn görüşdə NDU-nun rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizdə İKT sahəsində əldə olunan uğurların dövlətimiz tərəfindən stimullaşdırılması üçün əlavə imkanlar açıb.

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir. Bu əməkdaşlıq Boloniya sisteminin prinsiplərinə uyğun Cənubi Koreyanın Kimçonq Universiteti ilə tələbə mübadiləsinə başlanılmasında da özünü göstərməkdədir. Koreyanın qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən KOICA dövlət agentliyi ilə birgə reallaşdırılan layihə haqqında da məlumat verən rektor hazırda universitetdə 10 nəfərə yaxın Koreya vətəndaşının bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə təhsil aldıqlarını bildirib. Qeyd olunub ki, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Koreyaşünaslıq” seçmə fənni tədris olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsi isə Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük önəm daşıyır. Tələbə mübadiləsi məqsədilə Naxçıvan Dövlət Universitetindən 3 nəfər tələbə – tərcümə (ingilis dili-Azərbaycan dili), hüquqşünaslıq və stomatologiya ixtisasları üzrə I kurs tələbələri Nəsir Neymətli, Əkbər Həsənli və Şahin Tağıyev Cənubi Koreyanın Kimçonq Universitetində 6 ay müddətində təhsillərini davam etdirəcəklər. Həmçinin Kimçonq Universitetindən gələn 2 tələbə Lee Sumi və Jeonq Seok bakalavr pilləsində təhsillərini bir il müddətində Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.

Ardını oxu...

Daha böyük uğurlar naminə

Ümummilli lider Heydər Əliyevin ölkənin təhsil sisteminə böyük diqqət və qayğısı nəticəsində əldə olunan nailiyyətlər günümüzün danılmaz həqiqətidir. Ulu öndər    tərəfindən müəyyənləşdirilmiş strateji siyasi kursu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirməkdədir. Naxçıvan Muxtar Respublikasında da təhsil ciddi diqqət yetirilən sahələrdəndir. Şərur rayonunda da təhsil infrastrukturu müasirləşir, yeni məktəblər tikilir, mövcud məktəb binaları əsaslı təmir olunur, müasir avadanlıqlarla, elektron lövhələrlə təchiz edilir, kompyuterləşdirilir, hər il yeni dərsliklər alınıb şagirdlərə pulsuz paylanılır. 

Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 4 ümumi orta, 54 tam orta məktəb, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində 9789 şagird təhsil alır. Məktəbdənkənar təhsil müəssisələrində isə yaradılmış 278 qrupa 4104 şagird cəlb edilmişdir.

Ardını oxu...

Babək rayon məktəbliləri arasında ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.
Babək Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi tərəfindən təşkil edilən müsabiqəyə start verilməzdən əvvəl Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nailə Vəliyeva, rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov, münsiflər heyətinin üzvü Seymur Xudanov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin 90 illiyinə həsr edilən müsabiqənin əhəmiyyətindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2013-cü ilin muxtar respublikada “Heydər Əliyev ili” elan olunması Babək rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Bu tədbirin keçirilməsində məqsəd ulu öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Ardını oxu...

Bu yaxınlarda 2 fevral – Gənclər Günü münasibətilə keçirilən gənclərin respublika tədbirində 2012-ci ildəki uğurlu fəaliyyətlərinə görə bir qrup gənclər və tələbə təşkilatları “Gənclər mükafatı” ilə təltif edilmişlər. Sevindirici haldır ki, 2012-ci ildəki uğurlu fəaliyyətinə görə Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı da “İlin tələbə təşkilatı” nominasiyasının qalibi elan olunaraq diplom və rəmzi kubokla təltif olunmuşdur. Təşkilatın sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatının sədr müavini Arzu Abdullayev isə adıçəkilən təşkilat tərəfindən “İlin təşkilatçısı” adına layiq görülmüşdür.

Bu münasibətlə Arzu Abdullayevlə görüşüb söhbətləşərkən o, 1996-cı il fevral ayının 2-də ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini, forumun ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdiyini xatırlatdı: “Məhz həmin günün əhəmiyyəti nəzərə alınaraq hər il ölkəmizdə 2 fevral tarixi Gənc­lər Günü kimi qeyd edilir. Ölkədə fəal, istedadlı gəncliyə göstərilən dövlət qayğısı bizim üzərimizə məsuliyyətli vəzifələr qoyur. Bugünkü gənclik Azərbaycanın gələcək inkişafı üçün var-qüvvəsini əsirgəməməlidir!”
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri onu da qeyd etdi ki, NDU-nun Tələbə Gənclər Təşkilatının son 4 illik fəaliyyətini əks etdirən müxtəlif dillərdə (Azərbaycan, ingilis, rus, alman, fransız) hesabat jurnalının da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı tərəfindən bu il dərc edilməsi nəzərdə tutulmuşdur. Xatırladaq ki, 1997-ci ilin may ayından fəaliyyətə başlayan NDU-nun gənclər təşkilatı son illər fəaliyyətini daha da genişləndirərək muxtar respublikamızda, eləcə də ölkəmizdə və ölkəmizdən kənarda müxtəlif səpgili yarışlarda, müsabiqələrdə uğurlu qələbələr qazanmış, ölkə miqyasında gənclərlə bağlı həyata keçirilən bir çox layihələrin müəllifi olmuşdur.

Mehriban SULTAN

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi və Keyfiyyət Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna başlanılıb. “İSO 50001:2011 enerjini idarəetmə sistemi” mövzusuna həsr olunmuş beşgünlük təlim kursunun başlanğıc mərasimində universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək vurğulayıb ki, indiyə qədər Naxçıvan Dövlət Universitetində sözügedən layihə çərçivəsində müxtəlif mövzularda təlim kursları keçilib. “Təşkil olunan belə kurslar muxtar respublikada yüksək ixtisaslı kadr potensialının yaradılması, dünyəvi bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir”, – deyən rektor əlavə edib ki, müxtəlif dövlət strukturlarının, nazirliklərin nümayəndələrinin, universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrinin təlim kurslarında iştirakı mütəxəssis hazırlığı baxımından olduqca faydalıdır.
İSO 50001 üzrə baş auditor, enerjini idarəetmə sistemləri üzrə məsləhətçi və təlimçi Nihat Kölük çıxış edərək təlimin məqsədindən danışıb. Vurğulanıb ki, yaşayış keyfiyyətini, həmçinin istehsalın səmərəliliyini artırmaq üçün enerjidən qənaətlə istifadə vacib məsələlərdəndir. Enerjidən qənaətlə istifadə o zaman səmərəli və faydalı olur ki, həmin enerjini istehlak edən qurğu qənaətcil başqa bir qurğu ilə əvəz olunarkən enerjinin faydalılıq səviyyəsi dəyişməz qalır. Bu cür qənaət sosial həyatın digər sahələrinə də müsbət formada təsir edir.
Qeyd edək ki, beş gün davam edəcək təlim kursunun iştirakçılarına sonda sertifikatlar təqdim olunacaq.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində Boloniya sisteminin tam tətbiqi məqsədilə tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Gürcüstanın Acarıstan Muxtar Respublikasında yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universiteti ilə əlaqələr də məhz bu istiqamətdə inkişaf etməkdədir.
Bu günlərdə Batumi Dövlət Universitetinin 4 tələbəsi onları müşayiət edən müəllimlərlə birgə 2012-2013-cü tədris ilinin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmək üçün Naxçıvana gəlmişlər. Universitetin rektoru, akademik İsa Həbib­bəyli qonaqlara bildirmişdir ki, 2012-ci ilin iyun ayında Acarıstan nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində iki universitet arasında elm, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Qurulan faydalı əməkdaşlığın davamı kimi 4 nəfər bakalavr 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində davam etdirmiş, universitetin Tarix-filologiya, Sosial-idarəetmə və hüquq, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin tələbələrindən ibarət 13 nəfərlik nümayəndə heyətinin yay istehsalat təcrübəsi ilə bağlı Batumi Dövlət Universitetinə səfəri uğurlu keçmişdir. Elmi əməkdaşlıq sahəsində də mühüm işlər görülmüş, universitet əməkdaşları bir sıra beynəlxalq konfrans və simpoziumlarda birgə iştirak etmişlər. Rektor əlaqələrin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görüləcək işlərdən bəhs etmiş, gürcüstanlı tələbələrin universitetdə təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını bildirmişdir.
Tədbirdə Batumi Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, professor Lile Tandilava, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Maqutadze, bir semestr ərzində təhsillərini Batumi Dövlət Universitetində davam etdirən tələbələr adından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə II kurs tələbəsi Fətəlixan Hüseynli birgə əməkdaşlığın ölkələrarası münasibətlərin inkişafındakı rolundan, tələbə mübadiləsinin əhəmiyyətindən danışmışlar.

Mehriban SULTAN

Dünən Naxçıvan Özəl Universitetində tələbələrin pedaqoji təcrübəyə başlamalarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda elmi və tədris işləri üzrə prorektor İbrahim Kazımbəyli çıxış edərək 2012-2013-cü dərs ilinin II yarımilinin başlanması münasibətilə tələbələri təbrik etmiş, pedaqoji təcrübə haqqında məlumat vermişdir. Bildirilmişdir ki, mövcud tədris planına uyğun olaraq, Naxçıvan Özəl Universitetinin pedaqoji istiqamət üzrə III kurs tələbələri bir ay müddətində pedaqoji təcrübədə olacaqlar. Nəzəri biliklərlə yanaşı, pedaqoji təcrübənin əhəmiyyətindən də danışan prorektor təcrübənin səmərəli keçməsi üçün tələbələrin təcrübədə fəallığının vacib olduğunu vurğulamışdır.
Sonra Pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz Həsənli çıxış edərək ilk pedaqoji təcrübə keçəcək tələbələrə təcrübə müddəti görüləcək işlər, aparılacaq psixoloji müşahidələr haqqında ətraflı məlumat vermişdir.

Xəbərlər şöbəsi

Bu günlərdə Naxçıvan Özəl Universitetinin bir qrup əməkdaşı Azərbaycan Turizm İnstitutunda, Xəzər və Qafqaz universitetlərində olmuş, hər üç ali təhsil ocağı ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Tərəflər arasında bağlanmış bu müqavilələr universitetlərarası əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.
Universitetlər arasında bağlanan əməkdaşlıq müqavilələrində tələbə mübadiləsi proqramının həyata keçirilməsi, müvafiq ixtisaslar üzrə mütəxəssis mübadiləsi, eləcə də birgə simpoziumların, konfransların, treninqlərin, kursların təşkili və digər məsələlər öz əksini tapmışdır.
Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev hər üç ali təhsil ocağının rektorları ilə keçirilən görüşdə keyfiyyətin idarə edilməsi, 1+4 sisteminin tətbiqi məsələlərinə toxunaraq ikili və ya ortaq diplom layihələrinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin daha da dəqiqləşdirilməsinin və intensivləşdirilməsinin qarşıda duran vacib məsələlərdən biri olduğunu vurğulamışdır.
Naxçıvan Özəl Universiteti ilə Qafqaz Universiteti arasında həyata keçiriləcək tələbə mübadiləsinə dair sözləşmə də imzalanmışdır. Sözləşmədə tələbə mübadiləsi pro­qramlarının Naxçıvan Özəl Universitetinin və Qafqaz Universitetinin əsasnamələrinə uyğun formada həyata keçirilməsi göstərilmişdir.

Nuray ƏSGƏROVA

Bilik və savadın hər şeydən üstün sayıldığı bir cəmiyyətdə yaşamaq hamının arzusudur. İnsanlar artıq dünyada inkişafa gedən yolun təhsildən keçdiyini, savadlı gənc­liyə sərf olunmuş sərmayənin ən doğru yatırım olduğunu çoxdan dərk etmişlər. Artıq hamı bilir ki, hər kəsin əziyyətlə əldə etdiyi elmi, bacarığı dünyanın harasında, hansı şəraitdə olmasından asılı olmayaraq, həmişə ona məxsusdur və o, öz sahibinə – savadlı insana, onun ailəsinə, ölkəsinə fayda gətirəcək və şöhrət qazandıracaqdır.
Hər bir cəmiyyət yeni bir inkişaf mərhələsinə keçdikcə onun özünəməxsus tələbləri və buna uyğun inkişaf meyilləri yaranır. Yeni cəmiyyət quruculuğu istər təkamül, istərsə də inqilabi yolla olsun, bu zaman ən ağır çətinliklərdən biri də təhsilin üzərinə düşür. Tarixən insanların yeni tələbatlarının dərk olunmasında, şəxsiyyət, hüquq, sosial məsuliyyət, mənafe və vətənpərvərlik kimi təməl anlayışların gənc nəslə aşılanmasında təhsilin mühüm rolu olmuş, gələcəyə proqramlanmış hər bir addımın inandırıcılığı elm xadimi və təhsil işçilərindən soruşulmuşdur. Ona görə də təhsilə bir an da olsun laqeyd münasibət göstərmədən xalqın hər bir övladını öz doğma övladı kimi əzizləyib, ona işıqlı yollarla irəliləmək imkanı yaratmaq fədakar müəllim qədər dövlətin də ən ali məqsədləri arasındadır.

Ardını oxu...

Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ağarza Rüstəmovun və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” adlı dərs vəsaiti çapdan çıxmışdır. “Avropa” nəşriyyatında dərc olunan kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf edilmişdir. Yerli və xarici nüfuzlu nəşrlərdə 150-yə yaxın əsəri, o cümlədən 10 kitabı dərc olunmuş A.Rüstəmovun və 30-a yaxın əsərin müəllifi olan D.Qasımovun birgə müəllifliyi ilə ərsəyə gələn bu dərs vəsaiti iqtisadiyyatımızın aqrar sferasının öyrənilməsinə həsr edilmiş irihəcmli ilk əsər kimi diqqətəlayiqdir.
Hazırda ölkəmizin aqrar sahədə həyata keçirdiyi iqtisadi siyasətin əsasında milli istehsalın üstünlüklərindən yararlanmaq, kənd təsərrüfatını innovasiya yönümündə inkişaf etdirmək, regionların inkişafında aqrar sektorun rolunu yüksəltmək, əhalini ərzaq məhsulları ilə etibarlı şəkildə təmin etmək istəyi dayanır. Ona görə də elmi baxımdan aqrar sferanın iqtisadi problemlərinin öyrənilməsinə ciddi ehtiyac duyulur. Dərs vəsaitində aqrar sahənin inkişaf istiqamətləri, regional və sahəvi xüsusiyyətləri nəzərə alınmaqla, mövcud ehtiyat mənbələrinin aşkar edilməsi və səmərəli istifadəsi, kənd təsərrüfatında sahibkarlıq və bazar strukturlarının inkişafı, infrastrukturların təşkili, aqrar sferada idarəetmənin təşkili və təkmilləşdirilməsi yolları müasir tələblər baxımından şərh edilir. Dərs vəsaitində yer alan mövzular Azərbaycan Respublikası Təhsil Nazirliyinin iqtisadiyyatyönlü ali təhsil ixtisasları üzrə bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələbləri müəyyənləşdirən dövlət təhsil standartı əsasında hazırlanmışdır. Aqrar sahədə sahibkarlıq, müasir aqrar siyasət, ərzaq təhlükəsizliyi, aqrar sahənin regionların sosial-iqtisadi inkişafında rolu, aqrar sahədə innovasiya siyasəti, aqrar bazarın formalaşması, kənd təsərrüfatında investisiyalar, aqrar sektorun kənddə məşğulluq probleminin həllində rolu, aqrar iqtisadiyyatın təşkili və idarə edilməsi kimi müasir dövr üçün aktual olan nəzəri və praktik məsələlər dərs vəsaitində geniş şəkildə izah edilmişdir.

Ardını oxu...

Üç il müddətində həyata keçiri­ləcək “Kompyuter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması” layihəsinin təqdimatı ilə əlaqədar Qafqaz Universitetində konfrans keçirilmişdir.
Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin əməkdaşlığı ilə həyata keçiriləcək bu layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzi fəaliyyətə başlayacaqdır. Test mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin yuxarıda qeyd olunan ölkələrin universitetlərinə ezam olunmaları və mövcud təcrübəni öyrənərək Azərbaycanda tətbiqinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
“Kompyuter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması” layihəsinə həsr olunmuş konfransda Naxçıvan Özəl Universitetini bu ali təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova təmsil etmişdir. Onun TEMPUS pro­qramı çərçivəsində hazırlanan layihələrdə Naxçıvan Özəl Universitetinin iştirakı barədə məruzəsi dinlənilmişdir. Məruzədə milli test mərkəzlərinin yaradılması layihəsində universitetin rolundan bəhs edilmişdir. Qeyd olunmuşdur ki, layihənin həyata keçirilməsi müddəti ərzində Naxçıvan Özəl Universiteti universitet kampusunda test mərkəzinin yaradılması, Azərbaycan və Avropada keçiriləcək təlim kurslarında universitetin müvafiq ixtisaslar üzrə müəllimlərinin iştirakının təmin edilməsi, ali məktəbdə Avropa standartlarına uyğun təlim kurslarının təşkili və digər universitetlərlə bu sahədə bilik və təcrübə mübadiləsinin aparılmasını həyata keçirəcəkdir.

Gülnarə ƏZİZƏLİYEVA

Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Şərur Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şərur rayonunun Tumaslı kənd tam orta məktəbində “Kurikulumun öyrənilməsi, tətbiqi və məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransın plenar iclasında çıxış edən Şərur Rayon Təhsil Şöbəsinin müdiri Yaqub Tağıyev bildirmişdir ki, ötən dörd ildə rayonun ümumtəhsil məktəblərində kurikulum üsulunun tətbiqi ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilmişdir. “Kurikulum üsulu ilə dərslərin tədrisi və əldə olunan nailiyyətlər məktəb rəhbərləri, fənn müəllimləri ilə yanaşı, muxtar respublika Təhsil Nazirliyi və rayon Təhsil Şöbəsi əməkdaşlarının birgə əməyinin nəticəsidir”, – deyən şöbə müdiri əlavə etmişdir ki, müasir tədris üsullarının tətbiqi istiqamətində pedaqoji kadrların hazırlanmasında Naxçıvan Müəllimlər İnstitutunun da müstəsna rolu vardır. Müəllimlərimizin təşkil olunmuş pedaqoji sahələr üzrə kurslara cəlb edilməsi, onlarla aparılan praktik işlər həmin müəllimlərin işlərini tələb olunan səviyyədə qurmalarına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ümumiyyətlə, belə tədbirlərin keçirilməsi, qarşılıqlı fikir mübadilələrinin aparılması üçün yerlərdə görüşlərin təşkil olunması məktəb işinin düzgün qurulmasına xidmət edir.
“Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda məruzə edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək müasir təhsil prinsiplərinin əsas vəzifələrindəndir. Bunun üçün uşaqların dərketmə imkanlarının, idrak proseslərinin inkişaf qanunauyğunluqlarının və bu prosesin necə aşılanmasının yeni metodlarının müəllimlər tərəfindən öyrənilməsi vacibdir.

Ardını oxu...

Yanvarın 30-da Bakı şəhərində “Abituriyent” jurnalının 12-ci sayının təqdimatı keçirilib.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsindən aldığımız məlumata görə, videobağlantı vasitəsilə tədbirə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri də qoşulublar.
Tədbirdə qeyd edilib ki, “Abituriyent” jurnalının 12-ci sayında 2012-2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili verilib. Bundan başqa, jurnalda tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri – ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi analiz edilib, təklif və tövsiyələr irəli sürülüb. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilib. Jurnalın bu sayının elektron versiyası da hazırlanaraq ona əlavə edilib.
Təqdimat mərasimindən sonra muxtar respublika ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri jurnalda qeyd edilən məsələlərlə bağlı müzakirələr apararaq verilən təhlillər haqqında fikirlərini bildiriblər.

Dilrubə NOVRUZOVA

Müasir dövrdə turizmin imkanlarından maksimum istifadə etmək və bu sahənin dayanıqlığını təmin edə bilmək üçün aparılan tədbirlər arasında bu sahə üzrə kadr təminatı mühüm yer tutur. Turizm sahəsində bakalavr və magistr hazırlığı üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa universitetləri ilə aparılan təcrübə mübadiləsi Naxçıvan Dövlət Universitetində diqqət mərkəzində saxlanılır. Belə ki, universitetdə 2004-cü ildən turizm və otelçilik ixtisası üzrə ixtisaslı kadrlar hazırlanır. Bu ildən isə universitet “Dayanıqlı turizmin idarə olunmasında beynəlxalq səviyyəli bakalavr və magistr proqramları üzrə yeni modulların inkişaf etdirilməsi” istiqamətində yeni TEMPUS layihəsinə qoşulmuşdur. Layihə Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə Azərbaycan universitetləri ilə yanaşı, digər Cənubi Qafqaz ölkələri, habelə Latviya və İrlandiya universitetlərinin əməkdaşlığı çərçivəsində həyata keçiriləcəkdir.
Üç il ərzində həyata keçiriləcək layihə çərçivəsində bu il yanvarın 21-25-də Jade Universitetində keçirilmiş başlanğıc konfransında Naxçıvan Dövlət Universitetini Beynəlxalq Turizm Akademiyasının üzvləri, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev və iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov təmsil etmişlər. Onların Naxçıvan Muxtar Respublikasının turizm perspektivləri və universitetdəki turizm ixtisası üzrə kadr hazırlığı barədə məruzələri dinlənilmişdir. Konfransda qarşıdakı dövr ərzində layihədə nəzərdə tutulmuş işlər müzakirə edilmiş, yerinə yetiriləcək 12 modul üzrə birgə əməkdaşlıq imkanları və işçi qrupların vəzifələri müəyyənləşdirilmişdir.

Mehriban SULTAN

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna start verilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Keyfiyyət Assosiasiyası İctimai Birliyi və Keyfiyyət Akademiyasının təşkilatçılığı ilə “İSO 9001:2008 keyfiyyəti idarə­etmə sistemi” mövzusuna həsr olunmuş beşgünlük təlim kursunun açılış mərasimində universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin tapşırığı və dəstəyi ilə layihə çərçivəsində Naxçıvanda müxtəlif mövzularda təlim kursları keçirilir. Belə kurslar muxtar respublikada yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, dünyəvi bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Rektor müxtəlif dövlət strukturlarının, nazirliklərin nümayəndələrinin, universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrinin təlim kurslarında iştirakını mütəxəssis hazırlığı baxımından faydalı olacağını vurğulayıb.
İSO 9001 üzrə baş auditor, keyfiyyəti idarəetmə sistemləri üzrə məsləhətçi və təlimçi Şamo Muradov çıxış edərək təlimin məqsədindən danışıb. O, İSO 9001 standartının tələbləri əsasında keyfiyyəti idarəetmə sisteminin yaradılması və tətbiqinin faydaları haqqında məlumat verərək qeyd edib ki, keyfiyyəti idarəetmə sahəsində böyük təcrübəyə malik təmsilçilərimiz İSO 9001 standartının tələblərinə əsaslanaraq effektiv idarəetmə sisteminin yaradılması, hədəflərə nail olunmasında onun rolu və xərclərinin azaldılması üçün prosedurların necə həyata keçiriləcəyi və idarə ediləcəyi barədə kurs iştirakçılarına məşğələlər keçəcəkdir.
Qeyd edək ki, beş gün davam edəcək təlim kursunun iştirakçılarına sonda sertifikatlar veriləcək.

Mina Qasımova

Təhsil və elm sahələrinin yüksək inkişafı sahəsində planetimizdə həlledici iqtisadi və mədəni yüksəlişə malik olan ölkələr dünyada qloballaşma siyasətinin əsas tərəfdarıdırlar. Bu dövlətlərin başbilənləri digər inkişaf etmiş, inkişaf etməkdə olan və ya dünyanın iqtisadi və mədəni inkişafından geridə qalan üçüncü növ ölkələri qloballaşma siyasəti adı altında “bərabər iqtisadi və mədəni inkişafa cəlb etmək” vədləri ilə onları öz inhisarları altına salmaq istəyirlər. Bu cür təhlükəli siyasətin qurbanı olmamaq üçün, ilk növbədə, təhsil və elmin dərin sirlərinə yiyələnmək, qabaqcıl texnologiyaya sahib olmaq, təbii sərvətlərdən qənaətlə istifadə etmək, xalq təsərrüfatının müxtəlif sahələrinə investisiya yatırılmasına nail olmaq, tarixin sınaqlarından çıxıb bu günümüzə qədər gəlib çatan bəşəri nailiyyətlərdən bəhrələnməklə öz keçmişinə, soykökünə bağlılıqla yanası, milli dəyərləri qoruyub inkişaf etdirmək olduqca zəruri məsələlərdəndir. Bunun üçün yüksək elmi, intellektual biliyə, hərtərəfli dünyagörüşə sahib olmaq əsas şərtlərdən biridir. Bu isə yüksək ixtisaslı, milli ruhlu kadrlar yetişdirməklə mümkündür. Belə mütəxəssislər mənsub olduğu xalqın tarixini, onun ədəbiyyatını, folklorunu, arxeologiya və etnoqrafiyasını dərindən öyrənib gələcəkdə Vətənimizə layiq vətəndaşlar formalaşdırmaq üçün bu sahələrə dair doğru-düzgün mənbə və faktlara söykənən, Vətən yanğısı ilə köklənmiş elmi əsər, kitab, monoqrafiya, ən nəhayət, umumiləşdirilmiş dərsliklər, çoxcildliklər yazmağa borcludurlar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Boloniya prosesinin prinsipləri çərçivəsində tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsinə, imtahanların elektron test üsulu ilə keçirilməsinə xidmət edən “Elektron universitet” layihəsi özünü doğrultmaqdadır. Artıq 150-ci elektron imtahanın müvəffəqiyyətlə başa çatması buna əyani misal ola bilər.
Universitetin rektoru, akademik İsa Həbibbəyli imtahan verəcək tələbələrlə görüşərək qeyd etmişdir ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə sərgiləməsi, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğrultmuşdur.
Universitetin Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov növbəti elektron imtahanlar haqqında məlumat vermişdir.
Tələbələr adından hüquqşünaslıq ixtisasının birinci kurs tələbələri Elturan Eminbəyli, İfadə Tarverdiyeva və tarix müəllimliyi ixtisası üzrə təhsil alan Çingiz Hacıyev çıxış edərək artıq üçüncü dəfə elektron test üsulu ilə imtahan verəcəklərini, elektron imtahanın ənənəvi imtahan üsullarından daha əlverişli olduğunu, qiymətləndirmənin obyektiv aparıldığını bildirmişlər. Sonra imtahana start verilmişdir. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompyuterin köməyi ilə 50 sualı cavablandırmış, imtahanı bitirdiklərini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə etmişlər.
Qeyd edək ki, indiyə qədər keçirilən elektron imtahanların gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinməmiş, şikayətlərə baxılması və onların obyektiv həlli məqsədilə apelyasiya komissiyası yaradılmışdır.

Mehriban SULTAN

Təqdimat mərasimini giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, Boloniya prosesinə qoşulmanın, kredit təhsil sisteminin tətbiqinin, tibbi təhsildə rezidentura mərhələsinə keçidin əsas məqsədi təhsilin ən mükəmməl səviyyədə inkişafına nail olmaqdır. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinə inteqrasiya və ümum­avropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu formalaşma və inteqrasiya Tempus proqramında öz əksini tapmışdır. Tempus tərəfdaş ölkələrdə olan təhsil müəssisələrinin Avropadakı universitetlərlə əməkdaşlığını nəzərdə tutur. Bu proqramda səmərəli əməkdaşlıq, təhsildə Avropa standartlarına dair təcrübənin bölüşülməsi, bazar iqtisadiyyatına uyğun təhsil gündəliklərinin və proqramların diqqətlə müzakirə olunması, müasir ədəbiyyatla təminat, tədrisin səviyyəsinin artırılması üçün məşğələlər, tələbələrin xaricdə təhsil alması, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının tətbiqi nəzərdə tutulur. Rektor vurğulamışdır ki, Naxçıvan Dövlət Universiteti Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısıdır. Layihələrdən biri də Tibb fakültəsini əhatə edir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2012-ci ildə görülmüş işlər və elmi-tədqiqat sahəsində əldə olunan uğurların təhlilinə həsr olunmuş universitet Elmi Şurasının iclası keçirilmişdir. Elmi Şura üzvləri əvvəlcə universitetin 2012-ci ildəki elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
İclası ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli açaraq ötən il ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində tədrisin, eləcə də elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, universitetin yaranmasının 45 illiyi ilə əlamətdar olan 2012-ci ildə beynəlxalq əlaqələrin inkişafı, xarici vətəndaşların universitetdə ali təhsilə cəlb olunması, elektron təhsilin proqramlaşdırılması, distant və onlayn təhsilin təşkili, semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Hazırda universitetdə “Elektron universitet” layihəsi uğurla həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Özəl Universitetində 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açmışdır.
“Universitetdə tədrisin və elmi-metodik işlərin yekunları, qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edən ali təhsil ocağının tədris və elmi işlər üzrə prorektoru, dosent İbrahim Kazımbəyli bildirmişdir ki, tədris planları Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza tədris proqramları əsasında tərtib olunmuş və universitet Elmi Şurasının qərarı ilə təsdiq edilmişdir. Bundan əlavə, ayrı-ayrı ixtisaslar üzrə tədris olunan fənlərə aid yeni proqramlar əldə edilmiş, pro­qramlar tam tədris olunmuşdur. Müəllimlərin və tələbələrin kredit təhsil sistemini yüksək səviyyədə mənimsəmələri üçün kompleks tədbirlər həyata keçirilir.
“Kredit sistemi ilə təhsilin yüksək tələblərini həyata keçirmək üçün universitet kifayət qədər yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur”, – deyən İbrahim Kazımbəyli vurğulamışdır ki, universitetdə 4 elektron lövhə quraşdırılmış, I kurs tələbələri üçün ingilis dili və kompyuter kursları təşkil edilmişdir.
İqtisadiyyat və Pedaqoji fakültələr olmaqla, iki fakültənin və altı kafedranın fəaliyyət göstərdiyi universitetdə tədris intizamı daim diqqət mərkəzində saxlanılmışdır. Müəllimlərin və tələbələrin dərsə davamiyyətinə ciddi yanaşılmış, dərsburaxma hallarının aradan qaldırılması üçün lazımi tədbirlər görülmüşdür.

Ardını oxu...

Dünən АMEА Nаxçıvаn Bölməsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr оlunmuş iclas keçirilmişdir. İclası giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları, AMEA Naxçıvan Bölməsinin 2012-ci il üçün elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublika rəhbərinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan AMEA Naxçıvan Bölməsi 2012-ci il ərzində Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, dialekt və şivələrinin, yeraltı və yerüstü təbii sərvətlərinin əhatəli şəkildə öyrənilməsi, qrant layihələrinin icrası, eyni zamanda kadr potensialının artırılması, struktur bölmələrin formalaşdırılması yönündə elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışmışdır.
Bildirilmişdir ki, 2012-ci ildə AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində aparılan elmi-tədqiqat işləri 21 şöbə və 8 labоratоriyada 2 nəfər akademik, 4 nəfər AMEA-nın müxbir üzvü, 6 nəfər elmlər dоktоru, 53 nəfər fəlsəfə dоktоru, 4 nəfər dissertant оlmaqla, 91 nəfər elmi işçi və köməkçi heyət tərəfindən həyata keçirilmişdir.
Bölmənin institutlarında aparılmış elmi tədqiqatların nəticələrinin qənaətbəxş olduğunu vurğulayan İsmayıl Hacıyev ötən il bölmə əməkdaşları tərəfindən 10 kitab, 15 monoqrafiya, 4 metodik vəsait, 613 məqalə, 16 tezis və 13 buklet olmaqla, 671 elmi əsərin nəşr edildiyini bildirmişdir.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva açaraq yanvarın 19-dan 20-nə keçən gecə rus imperiyasının törətdiyi qanlı cinayətlər nəticəsində xalqımızın başına gətirilmiş müsibətlər, baş verən qanlı qırğın barədə danışmış, ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı mübarizədən bəhs etmişdir.
Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etmişdir. Kollecin direktoru 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi hesab edildiyini, həmin tarixin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətini qeyd etmişdir.
Sonra kollecin müəllimlərindən Xanım Kazımova, Rəna Vəliyeva, tələbələrdən Samural Hüseynli çıxış edərək bildirmişlər ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazılmış, həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qalmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Sonda “Şəhidlik zirvəsi” adlı sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Müəllimlər İnstitutunda dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan Müəllimlər İnstitutu qarşısında duran vəzifələrə həsr olunmuş institut Elmi Şurasının iclası keçirilmişdir. İclasda ali təhsil ocağının rektoru, professor Oruc Həsənli məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən il institutdan 1 nəfər elmlər doktoru, 4 nəfər isə fəlsəfə doktoru dissertasiyaları müdafiə etmişlər. 2012-ci ildə institutda 2 beynəlxalq əhəmiyyətli konfrans keçirilmiş, əməkdaşlar tərəfindən 14 kitab və monoqrafiya, 16 metodik vəsait, 171 məqalə çap olunmuşdur.
Qeyd edilmişdir ki, 2012-ci ildə institut Azərbaycan ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirmiş, qardaş Türkiyənin Qafqaz Universiteti və Şimali Kipr Türk Respublikasının Şərqi Ağdəniz Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə əlaqələr qurmuşdur.
“İstər tədrisin keyfiyyəti, istərsə də kadr hazırlığı baxımından institutun uğurları göstərilən dövlət qayğısı sayəsində ildən-ilə artır”, – deyən rektor 2013-cü ildə də bu uğurların davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Sonra tədris işləri üzrə prorektor, professor Akif İmanlının, tərbiyə işləri üzrə prorektor, professor Sədaqət Həsənovanın, Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyevin, Xarici əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlının məruzə ətrafında çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

Ordubad rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Torpaq – uğrunda ölən varsa, Vətəndir” mövzusunda keçirilən inşa yazı müsabiqəsində münsiflər heyətinə 21 inşa yazı işi təqdim olunub. Yekun nəticəyə görə, Aytac Əlixanlı birinci, Şahanə Kazımova ikinci, Mirkənan Cəfərli üçüncü yerləri tutublar.

*    *    *

Bu mövzuda keçirilən şeir müsabiqəsi üzrə Ordubad rayon birinciliyində 24 şagird qabiliyyətini nümayiş etdirib. Aşağı Əylis kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Röya Mirzəli müsabiqənin qalibi olub. Xanağa kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Xədicə Bayramova ikinci, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Gülçin Lətifzadə isə üçüncü yerlərə layiq görülüblər.

Ardını oxu...

Məlum olduğu kimi, XI əsrin ikinci yarısından başlayaraq Azərbaycan və Anadoluda səlcuq türkləri fəthlərini genişləndirmiş, beləliklə, Ön Asiyada böyük Səlcuq dövləti qurulmuşdur. Məhz səlcuqlar dövründə Orta Asiya, Anadolu, Azərbaycan və Xorasanda xeyli sayda saray, məscid, mədrəsə, hamam, türbə, imarət, zaviyə, körpü, karvansara, xəstəxana inşa edilmiş və bunlar o dövrün memarlıq abidələri kimi özünəməxsus ortaq üsluba malik olmuşlar.
Türkiyə Cümhuriyyətinin qədim Konya şəhəri uzun müddət Anadolu səlcuqlularının paytaxtı olmuşdur. Səlcuq hökmdar­larından xüsusilə I Əlaəddin Keyqubad zamanında Anadoluya, əsasən, İran, Azərbaycan və Orta Asiyadan elm və sənət adamları gəlib yerləşmişlər. Bu dövrdə Cəlaləddin Ruminin atası şeyx Bahaəddin Vələdin Karamandan hökmdarın dəvəti ilə Konyaya gətirilməsi də təsadüfi olmamışdır. Həmin dəvət məktubunun arxiv materialları içərisindən aşkara çıxarılması dediklərimizi təsdiq edir. Həmçinin qaynaqlarda bu dövrdə digər türk ölkələrindən gəlib Anadoluda yaşayıb-yaratmış Hübeyş Tiflisi, Nəcməddin Naxçıvani, Əkmələddin Naxçıvani, Qəzənfər Təbrizi, Şəms Təbrizi, Hüsaməddin Çələbi kimi elm və mədəniyyət adamlarının adına tez-tez rast gəlirik. Bunlardan Nəcməddin Naxçıvani Konya Səlcuqlu dövlətində hökmdarın vəziri mərtəbəsinə qədər yüksəlmişdir.

Ardını oxu...

Müstəqil ali təhsil ocağı kimi fəaliyyətinin onuncu ilinə qədəm qoyan Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycanın, eləcə də qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən bir çox ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri mövcuddur.
Bu günlərdə Şimali Kipr Türk Respublikasının Şərqi Ağdəniz Universiteti ilə Naxçıvan Müəllimlər İnstitutu arasında müəllim və tələbə mübadiləsi, elmi araşdırmaların aparılması və bir çox məsələlər üzrə qarşılıqlı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa, yeni pedaqoji üsulların və elmi axtarışların təqdimi istiqamətində müştərək tədbirlərin keçirilməsi və qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur. Naxçıvan Müəllimlər İnstitutu Şərqi Ağdəniz Universitetində əldə edilən qabaqcıl təcrübədən faydalanmaqla cəmiyyət üçün yararlı, bilikli pedaqoji kadrların hazırlanması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını da planlaşdırır.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

Naxçıvan Dövlət Universiteti tarixində ilk dəfə olaraq semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə başlanılmışdır. Bu istiqamətdə ciddi hazırlıq işləri aparılmış, elektron imtahan keçirilməsi üçün Memarlıq və mühəndislik fakültəsində Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Qasımovun rəhbərliyi ilə bir sıra üstünlüklərə malik yeni kompyuter proqramı hazırlanmışdır. Naxçıvan Dövlət Universitetinin Tədris və Elektron təhsil şöbələrinin təşkilatçılığı ilə imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılaraq universitetin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə sınaq-test imtahanları keçirilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları hazırlanmışdır.
İmtahandan öncə universitetin rektoru, akademik İsa Həbibbəyli bildirmişdir ki, semestr imtahanlarının elektron formada keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya texnologiyalarının tətbiqi, elektron təhsilin həyata keçirilməsi, dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Ardını oxu...

Müasir Azərbaycan ədəbi dili zəngin lüğət tərkibinə malik, inkişaf etmiş dillərdən biridir. Bu dilin lüğət tərkibinin böyük bir qatını onomastik leksika – xüsusi adlar silsiləsi təşkil edir. Onomastik leksika mənsub olduğu xalqın tarixini, milli yaddaşını, adət-ənənəsini əks etdirən əvəzsiz söz sərvətidir. Bu sərvətin öyrənilməsinə ötən əsrin 50-ci illərindən başlanılmış, dissertasiyalar müdafiə edilmiş, elmi əsərlər yazılmışdır. Lakin bu tədqiqatlar birtərəfli aparılmış, xüsusi adlarımızın linqvistik cəhətdən tədqiqinə meyil təsadüfi xarakter daşımışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin bu sahəsinin regionlar üzrə müqayisəli şəkildə araşdırılmasına önəm verilmiş, aparılmış araşdırma və kameral təhlillər ictimaiyyətə çatdırılmışdır.

Bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Adil Bağırovun “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Onomologiya problemləri (II cild)” adlı monoqrafiyası dilçiliyin bu sahəsinə həsr olunmuş sanballı tədqiqat əsəridir. AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevin elmi redaktəsi, akademik İsmayıl Hacıyevin və AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin rəyləri ilə elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunan “Onomologiya problemləri” monoqrafiyasının II cildi yeddi bölmədən ibarətdir. Bu monoqrafiya bütün bölmələri əhatə edən və Azərbaycan dilçiliyi tarixində onomologiya elminin problemlərinə həsr olunmuş ilk əsərdir. Əsərin ən əsas məziyyətlərindən biri araşdırmaların, kameral təhlillərin və edilən müqayisələrin Naxçıvan Muxtar Respublikasının materialları əsasında aparılması, onomologiyanın elmi-nəzəri və praktik istiqamətdə öyrənilməsidir. İki cilddən ibarət olan tədqiqat əsərinin birinci cildi 2010-cu ildə nəşr olunmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq və Ekoloji Tərbiyə mərkəzləri üçün yeni bina istifadəyə verilmişdir.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov binada yaradılan şəraitlə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov bildirmişdir ki, bu il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə muxtar respublikada təhsilin inkişafı ilə bağlı məsələlər müzakirə olunmuş, Ali Məclisin Sədri tərəfindən məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi və normal iş şəraitinin yaradılması barədə konkret tapşırıqlar verilmişdir. Bu gün istifadəyə verilən bina da müşavirədə verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Əsaslı şəkildə yenidən qurulan binada muxtar respublikanın iki böyük mək­təbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərəcəkdir.
Qeyd olunmuşdur ki, yenidən qurulan bina muxtar respublika Ali Məclisi Sədrinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində muxtar respublikanın təhsil ictimaiyyətinə layiqli töhfəsidir.

Ardını oxu...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsindən aldığımız məlumata görə, dərslik və dərs vəsaitlərinin monitorinqi ilə bağlı ibtidai sinif müəllimlərinin elmi-metodik seminarlarının keçirilməsinə başlanılıb. İlk belə seminarda Naxçıvan şəhər məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.
Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqini həyata keçirmək məqsədilə keçirilən seminarda müəllimlər sözügedən vəsaitlər barədə fikirlərini bildirib və təkliflərini veriblər.
Regional bölmədən onu da bildiriblər ki, komissiya tərəfindən gələn il ali, orta ixtisas məktəbləri və hərbi liseylərə qəbul imtahanları proqramlarının müzakirəsi və təkmilləşdirilməsi, 2012-ci ildə ali məktəblərə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodik təhlili ilə bağlı bir sıra tədbirlər də həyata keçiriləcək. Regional bölmə qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdik­ləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodik tövsiyələrin hazır­lanmasında, yenitipli test tapşırıqlarının tərtibi texnologiyası ilə bağlı müzakirələrin keçirilməsində də yaxından iştirak edəcək. Orta məktəb dərsliklərində səthi verilmiş və abituriyentlərin qəbul imtahanlarında zəif cavab verdikləri mövzuların müzakirəsi, xarici ölkələrin testologiya sahəsindəki təcrübələrinin öyrənilməsi ilə bağlı müzakirələrin aparılması da görülən işlər arasında olacaq.


Səbuhi HÜSEYNOV

Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması və istiqamətləndirilməsi diqqət mərkəzində saxlanılan ən vacib məsələlərdən birinə çevrilmişdir. Regionda fəaliyyət göstərən məktəbdənkənar müəssisələr hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Belə müəssisələr üçün yeni binalar inşa olunur, onların maddi-texniki bazaları gücləndirilir. Məqsəd isə aydındır: təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanların yetişdirilməsinə nail olmaq.

Yaradılan şərait, göstərilən dövlət qayğısından bəhrələnərək öz işini günün tələbləri səviyyəsində quran belə məktəbdənkənar müəssisələrdən biri də Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzidir. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana yollandıq. Mərkəzin direktoru Sevinc Mirzəyeva ilə söhbətləşdik. Direktor bildirdi ki, mərkəz 1953-cü ildən “Gənc texniklər stansiyası” adı ilə fəaliyyət göstərmiş, 1991-ci ildə adı dəyişdirilərək Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzi adlandırılmışdır. Məktəbdənkənar müəssisənin binası 2007-ci ildə əsaslı şəkildə təmir olunaraq həmin ilin sentyabr ayının 17-də istifadəyə verilmişdir. Öyrəndik ki, mərkəzdə 13 adda 102 qrup fəaliyyət göstərir. Hər qrupda 10 uşaq olmaqla, 1020 şagird mərkəzin üzvüdür. Dərnəklərə 32 müəllim rəhbərlik edir. On bir otaqdan ibarət olan mərkəzdə akt zalı, sərgi salonu, emalatxana, informatika, bədii tikmə, bacarıqlı əllər, texniki rəsmxət otaqları yaradılmışdır. Bu otaqlarda eyniadlı dərnəklərlə yanaşı, kağız əl işləri, əyləncəli fizika, dizayn, ağac üzərində oyma, təsviri estetika, ibtidai texniki modernləşmə, təyyarə-raket modelçiliyi, texniki ekologiya, memarlıq dərnəkləri fəaliyyət göstərir ki, bu dərnəklərdə uşaqlar qabiliyyət və bacarıqlarını inkişaf etdirirlər. Mərkəzin sərgi salonunda “Yusif Küseyir oğlu türbəsi”, “Əlincə xanəgahı”, “Qarabağlar türbəsi”, “Qələbə müjdəsi”, “Dünyanın təsviri”, “Təbiət mənzərəsi”, “Sülh göyərçini” adlı əl işləri, maketlər, toxumalar, şəkillər sərgilənir. Mərkəzin tədbirlər planına uyğun olaraq, əlamətdar günlərdə müxtəlif dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgilər təşkil olunur. Hər il Novruz bayramı ilə əlaqədar “Əcəmi” seyrəngahında keçirilən bayram tədbirində Texniki Yaradıcılıq Mərkəzinin də üzvlərinin əl işləri nümayiş etdirilir. Öyrəndik ki, mərkəzə cəlb olunmuş şagirdlər əl işləri ilə müsabiqələrdə iştirak edir və uğurlar qazanırlar. Bu il Dövlət Bayrağı Günü ilə əlaqədar “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda keçirilən əl işləri müsabiqəsində mərkəzin üzvləri Billur Əliyeva və Fizzə Səfərova 1-ci yeri, Almaz Rüstəmova isə 2-ci yeri tutmuş, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif edilmişlər.
Mərkəzin raket modelçiliyi dərnəyi hər ilin mart ayında zona müsabiqəsi keçirir. Müsabiqədə yer tutanlar respublika üzrə yarışlarda iştirak edirlər.
Başqa bir sevindirici hal da odur ki, üzvlərin əl işləri “Naxçıvan” jurnalında, “Gəncliyimiz – gələcəyimiz” və ”Naxçıvan tikmələri” kitablarında çap edilmişdir.
Məktəbdənkənar müəssisə uşaqların tətil günlərində ekskursiyalar təşkil edir. Dərnək üzvləri müxtəlif yerlərə və muzeylərə aparılır.
Mərkəzə cəlb olunmuş istedadlı məktəblilərin bacarıqları və mərkəz kollektivinin uğurları sadaladıqlarımızla bitmir. Bütün bunlar isə deməyə əsas verir ki, muxtar respublikada istedadların üzə çıxarılması üçün həyata keçirilən tədbirlərin bəhrələri getdikcə artır.


Dilrubə NOVRUZOVA

Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində reallaşdırılan növbəti təlim kursu yekunlaşmışdır. “İnformasiya sistemlərinin idarə olunması” mövzusuna həsr olunmuş beşgünlük təlim kursu Azərbaycanda təhsil işçiləri üçün bu mövzuda təlimlərin təşkilində zəngin təcrübəyə malik “Mədəd” təşkilatı tərəfindən keçirilmişdir.
Təlim kursunun yekununda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək vurğulamışdır ki, muxtar respublikada müasir informasiya texnologiyalarının tətbiqinə, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssis hazırlığına göstərilən diqqət və qayğı Naxçıvan Dövlət Universitetinin də timsalında özünü göstərir. Ali təhsil ocağının müasir informasiya texnologiyalarından istifadə etməklə dünya universitetləri ilə çoxsaylı virtual əlaqələr qurması, elektron universitet və elektron təhsil layihələrinin həyata keçirilməsi istiqamətində qazanılan əhəmiyyətli uğurlar bu qayğının real bəhrələridir. Beynəlxalq ekspertlər tərəfindən təşkil olunan təlim kursu isə informasiya texnologiyaları sahəsində yerli kadr hazırlığı, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.
Beynəlxalq ekspert, “Boulder Media Corparation”un təmsilçisi Even Jahr və ”Mədəd” təşkilatının koordinatoru Məryəm Cabbarova təlimin yüksək səviyyədə təşkilindən danışmışlar.
Təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, universitet əməkdaşları və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak etmiş, yekunda qiymətləndirmə aparılmışdır.
Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

 

Mehriban SULTAN

Gəncədə yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə 2-ci Respublika çempionatı keçirilmişdir. İntellektual yarışda muxtar respublikamızda keçirilən “Nuh yurdu” intellektual müsabiqəsində birinci və ikinci yerləri bölüşmüş Naxçıvan şəhərinin “Odlar yurdu” ilə Kəngərli rayonunun “Kəngərli” komandaları iştirak etmişlər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə ilk dəfə olaraq belə bir çempionata qatılan komandalarımızdan “Kəngərli” komandası yarışda fəal oyun nümayiş etdirərək üçüncü yeri tutmuşdur. Fəxri yeri tutan komandamızın üzvləri diplom və medallarla təltif olunmuşlar.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində “Elektron imtahana hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan univer­sitetin rektoru, akademik İsa Həbib­bəyli qeyd etmişdir ki, muxtar respublika rəhbərinin qayğısı ilə bu ali məktəb ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, 108 hektarlıq ərazini əhatə edən “Wi-Fi” internet şəbəkə sistemi istifadəyə verilmiş, virtual əlaqələr genişlənmişdir.
Universitetin həyata keçirdiyi ənənəvi “Elektron Naxçıvan” proqramı, buradakı Media Mərkəzi və İnformasiya texnologiyaları şöbəsinın fəaliyyətləri, universitetin müasir standartlara cavab verən rəsmi internet səhifəsinin yaradılması, yeni “Elektron təhsil” layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan uğurlardandır. Rektor bildirmişdir ki, Baloniya prosesinin prinsiplərinə uyğun olaraq, tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsini, elektron təhsilin proqramlaşdırılmasına tam nail olunmasını, fakültələrarası səviyyədə onlayn dərslərin keçirilməsini, imtahan keçirilməsi nəzərdə tutulan fənlər üzrə test bankının yaradılmasını, semestr imtahanlarının test üsulu ilə keçirilməsini təmin etmək məqsədilə universitetdə Elektron təhsil şöbəsi yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçilən beşgünlük təlim kursu başa çatmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə hüquqi biliklərin, peşə vərdişlərinin artırılmasının təmin edilməsi, həmçinin ətraf mühit təhlükəsizliyi, ətraf mühit idarəçiliyi planı üzrə biliklərin tətbiqi mövzularına həsr olunmuş təlim kursunun yekununda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişdir ki, bu layihə çərçivəsində Naxçıvanda müxtəlif mövzularda təlim kursları keçilir. Bu isə muxtar respublikadakı yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, müasir bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Rektor vurğulamışdır ki, müxtəlif dövlət strukturlarının, AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin, universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrinin təlim kurslarında iştirakı mütəxəssis hazırlığı baxımından da faydalıdır.
“Allianz Consult” MMC-nin direktoru Ülvi Ağayev kursun dövlət investisiyaları üzrə kadr potensialının hazırlanması baxımından əhəmiyyətindən, onların tətbiqi şərtlərindən, bu sahədəki qanunvericilik məsələlərindən danışmışdır.
Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov ətraf mühit təhlükəsizliyi və ətraf mühit idarəçiliyi planı üzrə keçilən təlim kursunun məqsədi barədə məlumat vermişdir. Bildirilmişdir ki, təlim kursunun təşkilində əsas məqsəd Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında ətraf mühit təhlükəsizliyi və ekoloji problemlərin həlli üzrə biliklərin tətbiqinə nail olmaqdır.
Beynəlxalq ekspert Umberto Qallo Orsi Naxçıvan haqqında xoş təəssüratlarını bölüşmüş, təlim kursunun mütəxəssislərin müvafiq sahələr üzrə digər ölkələrlə əməkdaşlıq etmələrinə, beləliklə, təcrübə mübadiləsinə müsbət təsir edəcəyinə əminliyini vurğulamışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.


Mina QASIMOVA

  Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşdur.
  Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə arasındakı dostluq və birliyin qədim tarixi köklərindən, həmçinin bugünkü inkişafından danışmışdır. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, dünyanın 80-ə yaxın tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Türkiyənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Ali təhsil ocağında dünyanın 10 ölkəsindən 314 xarici vətəndaş təhsil alır ki, onların 256 nəfəri Türkiyə vətəndaşıdır.
  Rektor xatırlatmışdır ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələrinin təməli 20 il öncə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulmuşdur. 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin Ərzurum Atatürk Universiteti ilə qurduğu əməkdaşlıq əlaqələrinin bu gün yeni inkişaf mərhələsinə qədəm qoymasında rektor, professor-doktor Hikmət Koçakın əməyi var. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 28 noyabr 2012-ci il tarixli qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilmişdir.

Ardını oxu...

     AMEA Naxçıvan Bölməsində 2012-ci ildə bölmənin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib. Əvvəlcə AMEA Naxçıvan Bölməsinin foyesində son bir il ərzində bölmə institutlarının əldə etdikləri nailiyyətləri əks etdirən sərgiyə baxış olub. Sərgidə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının cari ildə ölkəmizdə və xarici ölkələrdə çap olunmuş monoqrafiya, kitab və elmi məqalələri nümayiş etdirilib.
     Hesabat yığıncağını giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, başa vurmaqda olduğumuz 2012-ci il ərzində bölmə institutlarında, ümumilikdə, 91 mərhələdə elmi-tədqiqat işi aparılıb. 2012-ci ildə bölmə əməkdaşlarının 13 monoqrafiya, 10 kitab, 4 metodik vəsait, 613 məqalə, 16 tezis və 13 buklet olmaqla, 669 elmi əsəri nəşr edilib. Bu əsərlərdən 341-i beynəlxalq indeksli jurnallarda işıq üzü görüb. Bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 4 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə də bölmə əməkdaşlarının 131 məqaləsi yer alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu layihələri müsabiqəsində qalib gəlmiş iki mövzu üzrə qrant layihəsi çərçivəsində elmi-tədqiqat işləri başa çatdırılıb.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmmədovanın “Mürəkkəb alümosilikatların termal və hidrotermal çevrilmələri” kitabı bu günlərdə işıq üzü görüb.

Almaniyanın Sarrbrühen şəhərində rus dilində nəşr olunmuş kitabda maqnezium tərkibli mürəkkəb alümosilikatların – kaolinit, antiqorit, dolomit və obsidianın termiki və hidrotermal çevrilmələrinin rentgenfaza, termoqravimetrik və rentgen­spektral analiz metodları ilə tədqiqindən bəhs olunur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf  Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursuna  başlanılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Allianz Consult” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə hüquqi biliklərin, eləcə də peşə vərdişlərinin yüksəldilməsinin təmin edilməsi və ətraf mühit təhlükəsizliyi, ətraf mühit idarəçiliyi planı üzrə biliklərin tətbiqi mövzularına həsr olunmuş beşgünlük təlim kurslarının açılış mərasimi keçirilmişdir. Mərasimdə universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək qeyd etmişdir ki, layihə çərçivəsində keçirilən və müxtəlif mövzulara həsr olunan təlim kursları muxtar respublikada yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi, dünyəvi bilik və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Müxtəlif dövlət strukturlarının, AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin, universitetin müvafiq ixtisaslar üzrə müəllim və tələbələrinin təlim kurslarında iştirakı mütəxəssis hazırlığı baxımından faydalı olacaq.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Gənclər və İdman Nazirliyinin, Vəkillər Kollegiyasının dəstəyi ilə “Naxçıvan Dövlət Universitetinin Tələbə Hüquq Maarifləndirmə Mərkəzinin üzvləri (tələbələri) üçün səhnələşdirilmiş məhkəmə təlimi” keçirilmişdir.
Universitetin rektoru, akademik İsa Həbibbəyli təlimin açılış iclasında çıxış edərək ölkəmizdə peşəkar hüquqşünaslar üçün səhnələşdirilmiş məhkəmə təlimlərinə ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə Azərbaycanın Məhkəmə-Hüquq Şurası tərəfindən 2009-cu ildən başlanıldığını bildirmişdir. Rektor ədalət mühakiməsi standartlarının öyrənilməsinə və onların praktik tətbiqində səmərəliliyin artırılmasına yönəlmiş təlimin işinə uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, universitetin Hüquq fənləri kafedrasının müəllimi, layihə rəhbəri Tural Hüseynov təlimin metodologiyası haqqında məlumat verərək bildirmişdir ki, builki təlimlərdə ali təhsil ocağının Tibb, Tarix-filologiya, İncəsənət fakültələrinin də tələbələri iştirak edirlər. Təlimin əhəmiyyəti haqqında danışan universitetin Hüquq fənləri kafedrasının müəllimi, Tələbə Hüquq Maarifləndirmə Mərkəzinin koordinatoru İsmayıl İsmayıllı bu təlimlərin əsas məqsədinin tələbələrdə nəzəri ixtisas biliklərinin möhkəmləndirilməsi ilə yanaşı, təcrübi bilik və bacarıqların da formalaşdırılmasından ibarət olduğunu vurğulamışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevin   7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gənc­liyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması da nəzərdə tutulmuşdur. Artıq bu ilin may ayından başlayaraq ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə “Azərbaycan Tələbə kartı”nın paylanılmasına başlanılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məlumatına görə, “Azərbaycan Tələbə kartı”nın ölkə üzrə 197 min nəfərə paylanılması nəzərdə tutulub.
    Nəzərə alsaq ki, muxtar respublikamızda 3 ali təhsil müəssisəsi,   3  orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir, deməli, yeni yaradılan sistemdən bu təhsil müəssisələrində təhsil alan tələbələr də faydalana biləcəklər. Paytaxt Bakıda yerləşən ali təhsil müəssisələrində tələbə kartlarından istifadənin tətbiqinə artıq başlanılıb. Muxtar respublikamızda fəaliyyət göstərən təhsil müəssisələrində bu sahədə vəziyyəti və tələbə kartının hansı üstünlüklərinin olduğunu öyrənmək üçün ali məktəblərlə əlaqə saxladıq.  
    Regionun ən böyük ali məktəbi olan Naxçıvan Dövlət Universitetində tələbə kartlarının paylanılmasına bu ilin sonunadək başlanılacaq. Bu barədə Azərbaycan Tələbə-Gənc­lər Təşkilatları İttifaqının sədr müavini, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev məlumat verdi. Onun sözlərinə görə, artıq universitetin 2500 tələbəsi tələbə kartlarının alınması ilə bağlı müraciət edib. Bu göstəriciyə görə, Naxçıvan Dövlət Universiteti ölkə paytaxtında fəaliyyət göstərən universitetlərin əksəriyyətini üstələyir. Tələbə kartlarından təkcə bakalavr təhsili alanlar deyil, magistrantlar da yararlana biləcəklər və artıq Naxçıvan Dövlət Universitetinin magistrantlarından da tələbə kartının alınması ilə bağlı müraciət edənlər var. Muxtar respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisəsində – Naxçıvan Müəllimlər İnstitutunda isə sözügedən kartı əldə etmək üçün 300-ə yaxın tələbə müraciət edib. Muxtar respublikamızın orta ixtisas məktəblərində isə bu yöndə işlərə tədris ilinin ikinci yarısından start veriləcək.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR